Xəbəraz

Təcrübəli neft-qaz mütəxəssisi təkliflə çıxış edib

Təcrübəli neft-qaz mütəxəssisi təkliflə çıxış edib

Neft-qaz sahəsi üzrə təcrübəli mütəxəssis, bu sektorda 50 ilə yaxın iş stajı olan Aydın Amanov Avropaya nəql edilən Azərbaycan qazının həcminin artırıldığı bir vaxtda ölkənin yeraltı qaz saxlama anbarının tutumunun artırılmasına zərurət yarandığını əsas gətirərək bununla bağlı təklif  irəli sürüb.

Təcrübəli mütəxəssis verdiyi açıqlamada bildirib ki, Avropaya nəql olunan Azərbaycan qazının həcminin iki dəfə – 26 mlrd. kubmetrə qədər artırılması, habelə bu qazın yaz-qış mövsümü ilə əlaqədar, istehlakçıların qeyri-bərabər istifadəsi nəzərə alinmaqla uzunmüddətli, etibarlı, davamlı və təhlükəsiz nəqli məsələsi hazırda mövcud olan iki yeraltı qaz saxlama anbarını bu layihənin ayrılmaz hissəsinə çevirə bilər: “Yaz-qış mövsümündə quyulardan hasil olunan yüksək təzyiqli qazın davamlı və təhlükəsiz istismarı məqsədilə, eləcə də həcmin qeyri-bərabər tənzimlənməsi zamanı çıxarılan qazın bir hissəsinin yeraltı qaz saxlama anbarına yönəldilməsi zərurəti yaranır. Bu da öz növbəsində əks təzyiq məsələsi baxımından quyuların mühafizə olunmasına dəlalət edir. Qış mövsümündə tələbatın artırılması ilə əlaqədar yeraltı qaz saxlama anbarındakı ehtiyat qazın yenidən xaricə gedən sistemə qaytarılması lazım gəlir. Bundan əlavə, mədən və quyularda texniki və texnoloji nasazlıqlar əmələ gələndə və fövqəladə vəziyyət yarananda, eləcə də digər amillərin təsirindən problemlər ortaya çıxanda yeraltı qaz saxlama anbarları qaz təchizatını öz üzərinə götürə bilir. Yüksək təzyiqli magistral qaz xətlərinin ayrılmaz hissəsi sayılan yeraltı qaz saxlama anbarları respublikamızın Avropanın qaz təchizatında etibarlı tərəfdaş olması baxımından da vacib əhəmiyyət kəsb edir. Ona görə də yeraltı qaz saxlama anbarlarının qaz tutumunun artırılması məsələsinin ümumi Dövlət Proqramında nəzərə alınmasına böyük ehtiyac var. Xüsusilə qeyd edim ki, istismarda olan qaz quyularının təhlükəsiz istismarının təmin edilməsi üçün yüksək təzyiqli həmin quyular (500 ATM-dən artıq) fasiləsiz işləməlidir. Quyunun istismarının tez-tez dayandırılması texnoloji cəhətdən çətinliklər yaradır. Belə ki, Şahdəniz yatağından qaz nəqli zamanı yaranmış problemlərlə əlaqədar o vaxt bir quyu texniki səbəbdən ləğv olunmuşdu”.