Xəbəraz

Jalə Əliyeva təmsil etdiyi rayonlarda əkin sahələrinin vaxtında suvarılması və işsizliklə bağlı bir çox məsələlərə toxunub

Jalə Əliyeva təmsil etdiyi rayonlarda əkin sahələrinin vaxtında suvarılması və işsizliklə bağlı bir çox məsələlərə toxunub

Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsəkələri komitəsinin sədr müavini Jalə Əliyevanın bu gün Milli Məclisdə Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və təbii ehtiyatlar, Energetika və ekologiya komitələrinin 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edərək təmsil etdiyi rayonlarda əkin sahələrinin vaxtında suvarılması və işsizliklə bağlı bir çox məsələlərə toxunub.

Xəbəraz xəbər verir ki, xanım deputat  bildirib ki, ilk növbədə belə deyək ki, həyat qaynağı olan su haqqında danışmaq istəyirəm. Ümumiyyətlə bu problem demək olar ki, bütün deputatların, xüsusilə Aran zonalarını təmsil edən deputatların, həmçinin mənim də çıxışlarımızda mütəmadi yer alır. Əkin sahələrinin vaxtında suvarılması məhsuldarlığın artması və kəndlinin həyat şəraitinin yaxşılaşması deməkdir. Əkinini suvara bilməyən kəndli ailəsini dolandırmaq üçün iş yeri axtarmağa başlayır. Kənd yerlərində işlə təminin nə qədər çətin olduğunu isə hər birimiz bilirik.

Ona görə də su probleminin müəyyən ölçüdə həll edilməsi özlüyündə bir çox problemləri həll etmiş olar. Bu problemlərin rayonların daxili imkanlarıyla və ya rayonlardakı su təsərrüfatı şöbələrinin imkanlarıyla aradan qaldırılması mümkün deyil. Ölkədə həm təsərrüfat sularının, həm də içməli su qıtlığının aradan qaldırılması üçün böyük layihələrin hazırlandığı məlumdur. Lakin həmin layihələr reallaşana qədər büdcədən bu sahəyə, xüsusilə Aran zonalarına cari maliyə vəsaitinin ayrılmasına və tədbirlər
görülməsinə ehtiyac var.

Söhbət su probleminin yaratdığı maneələrlə bərabər, həm də işsizlikdən düşmüşkən bir məsələyə də toxummaq istəyirəm. Biz bu fikrimizi ötən gün sosial komitənin iclasında da bildirdik. Rayonlarda iş yerlərinin açılmasına ehtiyac var. Hər bir rayonun iqtisadi, coğrafi, sosial özəllikləri, spesifikası nəzərə alınaraq, hər bir rayon üçün xüsusi iqtisadi proqramlar hazırlanması və bu proqramlarda həmin rayonların kənd təsərrüfatı istehsal sahələri nəzərə alınaraq müəssisələrin açılması vacibdir. Bu həm də regionların daha mükəmməl və sürətli inkişafına səbəb ola bilər.

Digər tərəfdən, rayonlarda dövlət qurumlarının regionlaşdırılması səbəbiylə atrıq yerli səviyyədə, icra hakimiyətləri tərəfindın iş təmini imkanları sıfıra enib. Bu da müəyyın çətinliklər yaradır. Bu amilin də nəzərə alınmasını xahiş edirik.