Xəbəraz

Hazırda Azərbaycan SPECA-ya sədrlik edir

Hazırda Azərbaycan SPECA-ya sədrlik edir

Hazırda Azərbaycan SPECA-ya sədrlik edir.

Bakı növbəti dəfə nüfuzlu beynəlxalq siyasi tədbirə ev sahibliyi etdi. Noyabrın 24-də Azərbaycan paytaxtında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Bəli, vətəndaşlarımız artıq sözün əsl mənasında alışıblar ki, təkcə paytaxtımızda yox, bölgələrimizdə də davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. “Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdi” ifadəsi isə yüzlərlə məqalə və reportajın başlığına çevrilib.

Bəzən bu “alışqanlıq” həmin tədbirlərin ölkəmiz üçün oynadığı əhəmiyyəti adekvat şəkildə dəyərləndirməyə mane olur. Ancaq bu, bir reallıqdır, Azərbaycan artıq dünyada nüfuzlu siyasi meydanlardan, platformalardan birinə çevrilib. Azərbaycan, sözün əsl mənasında, artıq dünyanın beynəlxalq siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin keçirildiyi ünvanlarından biridir. Dünyanın siyasi xəritəsində qalib xalqın ölkəsi olan və müasir dünya üçün aktual hesab edilən humanitar mesajları beynəlxalq münasibətlər sisteminə ötürən artıq tamamilə yeni Azərbaycan var. Əlbəttə ki, bu, bizim hamımızın uğurudur və əlbəttə ki, bu cür nailiyyətlər qaragüruhla yox, məhz diplomatik peşəkarlığın və ardıcıl siyasətin sayəsində əldə olunur. İllər, əsrlər sonra Azərbaycanın ən parlaq tarixi səhifəsini və unudulmaz Qələbəmizi yada salanlar məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını vurğulayacaqlar, qaragüruhçuların “şüvənliyi”ni yox.

Hər bir beynəlxalq platformanı ölkəmizin milli maraqların qorunması və inkişaf etməsi üçün legitim fürsətə çevirən Prezident İlham Əliyev olduqca aktual və bəzi ölkələr üçün ağır “həzm” olunan mesajları növbəti dəfə dünyaya ötürdü. Sıravi vətəndaş kimi fəxr edirəm ki, dünya üçün həyati əhəmiyyət kəsb edən çağırışlarla çıxış edən dövlət başçısının rəhbərlik etdiyi bir ölkədə yaşayıram. Bu çıxış və ifadələr niyə də dillər əzbəri olmasın? Niyə bu çıxışlar beynəlxalq mətbuatda dərc olunan məqalələrin başlıqlarına çevrilməsin? Yoxsa böyük siyasətə və qlobal çağırışlara dair hansısa ölkənin inhisarçılığı var və onlar bu inhisarçılığı əldən buraxmaq istəmir?! Sual açıqdır və mütləq olaraq təhlil olunmalıdır.

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini-Mayisə Xəlilova

 

 

Beynəlxalq riyakarlığın təzahürü.

Çəkinmədən deyə bilərik ki, Noyabrın 24-də Azərbaycan paytaxtında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidentinin səsləndirdiyi növbəti fikir beynəlxalq münasibətlər sisteminin müasir əxlaq kodeksinin fəlsəfəsini müəyyən etmək iqtidarındadır: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil”. Prezidentin bəzi ölkələrin beynəlxalq siyasi “əxlaqsızlığına” işarə edərək öz fikrini növbəti sözlərlə inkişaf etdirdi: “Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir.” Əlbəttə ki, Prezident İlham Əliyevin sözügedən sözlərinin ünvanı, ilk növbədə, Azərbaycanın qonşusu olan Ermənistandır. Ancaq “iki və ya daha çox stulda oturmaq istəyi” xəstəliyinə yoluxmuş ölkələrin sayı heç də az deyil. Müasir beynəlxalq münasibətlər sisteminin özəl xüsusiyyətlərini ifşa edən bu cür mesajlar qaçılmaz olaraq ölkələrarası münasibətlərdə yeni yanaşma və baxışlarının formalaşmasını labüd edir.

Burada oxucuda təbii olaraq bir sual yarana bilər: “Beynəlxalq ictimaiyyət bu cür həqiqətləri eşitməyə hazırdırmı?”. Əslində, ən maraqlı mülahizələr elə bu sualın ətrafında aparıla bilər. Axı bu cür suallar və onların ətrafında aparıla biləcək fikir mübadiləsi özünü super güc hesab edən ölkələrin statusu üçün təhdid yaradır. Bu cür taleyüklü suallara cavabların axtarışı ölkələrarası yeni münasibətlər formatına gətirib çıxara bilər. Məhdud sayda olan beynəlxalq təşkilatların əlində manipulyasiya alətinə çevrilmiş beynəlxalq hüquq tükənib. Uzun illər ərzində hökm sürən “ikili standartlar siyasəti” ifadəsi öz birincilik estafetini tədricən “beynəlxalq münasibətlər sistemin mövcud formatının effektivliyi tükənib” ifadəsinə ötürür. Mövcud konteksti inkişaf etdirmək üçün Prezident cənab İlham Əliyevin sözügedən çıxışından digər fikirlərinə müraciət edək: “Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq”. Mütləq nəzərə alınmalıdır ki, dövlət başçısının bu sözləri sadəcə Qələbənin konstatasiyası deyil. Bu sözlər, ilk növbədə, o deməkdir ki, “separatizm” mövzusu Azərbaycana qarşı bir manipulyasiya aləti kimi beynəlxalq təşkilatların əlindən artıq alınıb və Prezident bu fikirləri vurğulayaraq beynəlxalq təşkilatlarının sözügedən siyasətinin fərqində olduğunu bir daha bildirmiş olur.

Prezident cənab İlham Əliyevin siyasi mesajlarla dolu digər fikirlərinə də diqqət yetirək: “Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”. Razılaşın ki, bu sözlər dolayısı ilə ona işarə edir ki, xaos yaratmaq və bundan faydalanmaq niyyətində olan güclərin hədəfi məhz konkret ölkələrdə yaşanan siyasi sabitlikdir. Odur ki, XVIII-XIX əsrlərin “vəhşi Qərb” dövrünü xatırladan XX əsrin 80-ci illərinə qayıtmamaq üçün həmrəyliyimizi göz bəbəyimiz qədər qorumalıyıq.

Zərdab rayon sakini fəal gənc – Mecidli Cəlal

 

 

Yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.

Azərbaycanın regionda yaratdığı reallıqlar Mərkəzi Asiya ölkələrinin inkişafına öz müsbət təsirini göstərir. Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi, təhlükəsizlik məsələləri ilə bağlıdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu, regionda yeni reallıq yaradıldı.  Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan regionda sülhün və təhlükəsizliyin qarantına çevrilib. İrəli sürdüyü təşəbbüslərlə, həyata keçirdiyi layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana diqqət və marağını artırır, əlaqələrin inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinə yol açır.  Dövlət başçısı İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb.  Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.  Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Zirvə görüşü son 25 ildə SPECA-ya  üzv  ölkələrin hər birinin keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynadı:  “Azərbaycanın təşəbbüsü ilə 25 ildə ilk dəfə olaraq Zirvə görüşünün keçirilməsi ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan rolunun, sözünün imzası qədər dəyərinin göstəricisidir. Azərbaycanın hər bir təşəbbüsü dostluğa, əməkdaşlığa yönəlib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu əminliyi də ifadə etdi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərdi.  Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.

Zərdab şəhər sakini fəal gənc – Kəmalə Xəlilli

 

 

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar.

Əsası 1998-ci ildə yaradılmış BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illik yubiley  sammiti keçirildi.  Tədbirdə məlum səbəblərdən Əfqanıstan istisna olmaqla, bu proqramda iştirak edən bütün ölkələrin başçıları, yəni Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan,  və Özbəkistan prezidentləri, Türkmənistanın yüksək vəzifəli şəxsləri   iştirak etdilər. Eyni zamanda,  Gürcüstan və Macarıstanın baş nazirləri, eləcə də Körfəz Əməkdaşlıq Şurasının baş katibi fəxri qonaq qismində dəvət olunublar. Qeyd edək ki, bu strukturun 25 illik fəaliyyət göstərməsinə baxmayaraq, onun çərçivəsində ilk dəfədir ki, Zirvə  görüşü təşkil olunurdu.

Son vaxtlar, Azərbaycanla Mərkəzi Asiya regionu ölkələri arasındakı daha sıx əməkdaşlıq  müşahidə edilir. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin ortaq tarixi münasibətləri var və eyni zamanda, bu ölkələrin həm siyasi, həm də iqtisadi maraqları üst-üstə düşür. Və bu  yaxınlaşma prosesi dünya siyasətinin və iqtisadiyyatının  çox həssas, çətin bir dövründə baş verir.  Dünyada baş verən hadisələr bir daha  müxtəlif birliklərin, qurumların  praqmatik fəaliyyət göstərməsini tələb edir. Bu baxımdan SPECA proqramının iştirakçıları problemləri qarşılıqlı əlaqəni artırmaq yolu ilə aradan qaldırmaq niyyətindədirlər. SPECA proqramına daxil olan ölkələr ikitərəfli səviyyədə çox ciddi  əməkdaşlıq edir və bu əlaqələr çoxtərəfli formatlarda möhkəmlənir. Belə ki, Azərbaycan  və Mərkəzi Asiya ölkələri birgə əməkdaşlıq etdiyi platformalar, təkcə SPECA deyil, həm də İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi müxtəlif təşkilatlardır. Xəzərdə əməkdaşlıq ayrıca sahə hesab edilməlidir. Burada SPECA-ya üzv ölkələr digər oyunçularla – İran və Rusiya ilə fəal əməkdaşlıq edir ki, bu da Xəzər dənizini regional siyasət və iqtisadiyyatın müxtəlif mərkəzləri arasında qarşılıqlı fəaliyyət platformasına çevirir və o, mühüm nəqliyyat qovşağına çevrilir.

Dəniz region ölkələri üçün mühüm iqtisadi amildir. Burada böyük həcmdə karbohidrogen ehtiyatları çıxarılır və çox yaxın gələcəkdə Xəzər dənizi də bərpa olunan mənbələrdən mühüm enerji mənbəyinə çevriləcəkdir. Ona görə də Xəzər dənizində əməkdaşlıq regionun bütün ölkələri üçün xüsusi maraq kəsb edir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna böyük sərmayə qoyaraq,  ölkəmizi Mərkəzi Asiya ölkələri üçün də uğurlu tranzit rolu oynayan ünvana çevirmişdir. Artıq Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən biridir.  Son 20 ildə iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulan Azərbaycanla əməkdaşlıq SPECA ölkələri üçün də önəm kəsb edir. Yatırılan investisiyanın 200 milyard dollarının qeyri-enerji sektorunun payına düşməsi də ciddi rəqəmdir və ölkəmizin cəlbediciliyini artırır.

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru – Jalə Kərimli

 

 

 Siyasi sabitlik amili.

Prezident cənab  İlham Əliyevin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə  siyasi sabitlik amilinə diqqət çəkdi.  Siyasi sabitlik olmadan heç bir ölkənin iqtisadiyyatı inkişaf edə bilməz: “Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.  Amma  bütün ölkələri uğurlu  ölkə  saymaq olmaz. Elə ölkələr var ki, hər zaman hansısa “ağaya” ehtiyacı var, öz qonşularına ərazi iddiası irəli sürür, işğalçılıq  siyasəti həyata keçirir,  bölgədə sülh və təhlükəsizliyə əngəl yaradır.  Ölkə başçısı Zirvə görüşündə bu məsələni  xüsusi olaraq  vurğuladı : “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”. Marionet Ermənistandan fərqli olaraq SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Zirvə görüşündə Azərbaycanın tarixi qələbəsindən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etməsindən bəhs edən  Prezident İlham Əliyev hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirdi: “Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”. Və əlbəttə ki, ölkə başçısı dost və qardaş ölkələrin bu prosesə verdiyi dəstəyi bir daha minnətdarlıqla xatırlatdı.

Ümumiyyətlə, SPECA həftəsi çərçivəsində  Bakıda təşkil olunan iqtisadi forum  və  Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ölkələrimiz arasındakı iki və çoxtərəfli  biznes əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır. Beləliklə, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü yeni əməkdaşlıq platforması üçün geniş imkanlar açır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri-Vəfa Xəlilli

 

 

2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı.

20-24 noyabr 2023-cü il tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsiçərçivəsində İşçi Qruplarının iclasları, İqtisadi Forum, SPECA Rəhbər Şurasının 18-ci sessiyası keçirilmişdir.  Proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsinə dəstək məqsədilə “SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında təşkil olunan SPECA 2023 İqtisadi Forumunda SPECA bölgəsində yaşıl enerji bağlılığı, nəqliyyat bağlantısı, təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi mövzularında geniş müzakirələr aparılmışdır. Qeyd olunanlarla yanaşı, SPECA həftəsi çərçivəsində “SPECA Ölkələri Sərgisi: Dayanıqlı İnkişaf Naminə Regional Əməkdaşlıq” adlı sərgi təşkil olunmuşdur. Sərginin təşkil olunmasında məqsədiştirakçı ölkələrin iqtisadi potensialının nümayiş etdirilməsi, üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlıq imkanlarının gücləndirilməsi olmuşdur. Zirvə görüşündə çıxışı zamanı Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı statistik məlumatları qeyd edən Cənab Prezident İlham Əliyev son 20 il ərzində Azərbaycanın ümumdaxili məhsulunun 4 dəfə, büdcə gəlirlərinin 30 dəfədən, xarici ticarət dövriyyəsinin isə 10 dəfədən çox artdığını bildirərək, Azərbaycanın birbaşa xarici borcunun hazırda ümumdaxili məhsulun təxminən 10 faizini təşkil etdiyini,valyuta ehtiyatlarının birbaşa xarici dövlət borcunu 10 dəfə üstələdiyini, yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 5,5 faizə düşdüyünü vurğulamışdır. Aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub.Bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Qeyd olunanlarla yanaşı, öz çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əsas məqamlara da toxunan Cənab Prezident bu münaqişə barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın iyirmi faizini işğal etmiş Ermənistan həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmışdı. 30 ildən çoxdur aparılan danışıqlar bu illər ərzində Ermənistan tərəfinin “Danışıqlar xətrinə danışıqlar” aparması ucbatından nəticəsiz qalmışdı. 2019-cu ildən etibarən isə Ermənistan rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuş, Ermənistanın bir daha əsl məqsədinin mövcud vəziyyəti qoruyaraq Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdi. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarının geri qaytarılmasını təmin edərək böyük qələbə qazandı. Son olaraq, sentyabrın 19-da başladılan və 24 saatdan az bir müddət ərzində davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etmiş oldu. Bu gün həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını qeyd edən Cənab Prezident orada yeni şəhər və kəndlərin inşa edildiyini, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsinin nəzərdə tutulduğunu bildirdi.

Veteran müəllim, rayon ağsaqqalı – Vəfadar Niftəliyev