Xəbəraz

Təşəbbüskar ölkə

Təşəbbüskar ölkə

Təşəbbüskar ölkə

“Dekabrın 6-da Prezident cənab İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı əsasında  “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Forumun əhəmiyyəti, dövlət başçısı İlham Əliyevin tədbirdəki çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Artıq tarixi Zəfərimizdən sonra belə forumların və konfransların keçirilməsi ənənə halını alıb. Bu mühüm addım ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu, yürütdüyü siyasətin uğurlarını təqdim edir. Azərbaycan hər zaman sabitlik məkanı kimi dəyərləndirilir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu beynəlxalq konfranslara, forumlara verilən önəm tədbirlərə qatılan iştirakçıların ildən-ilə artan say tərkibindən də aydın görünür. Yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan, həmçinin innovasiyalar ölkəsi kimi diqqətdədir. Hazırda dünya ölkəmizin işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda zəngin şəhərsalma təcrübəsinin şahidinə çevrilir.”

ADA Universitetində ənənəvi keçirilən beynəlxalq tədbirlər Azərbaycanın ümumilikdə regionun gələcəyinə yönələn təşəbbüslərinə, birgə addımların atılmasını zərurətə çevirən hədəflərə işıq salır. Ötən il ADA Universitetində Prezident cənab İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi. Bu ilin may ayında Şuşa ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransa ev sahibliyi etdi. Konfransın Şuşada keçirilməsi  erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Dekabrın 6-da keçirilən Forumun iştirakçıları isə bir gün öncə işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edərək burada görülən işlərlə yaxından tanış oldular.  Nəzərə alsaq ki, Foruma 30 ölkədən  60-dan çox nümayəndə qatılmışdı, qeyd edilən səfər bu sayda iştirakçıların vasitəsilə Azərbaycan həqiqətlərinin təbliğində öz sözünü deyəcək.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Siyasi fəaliyyətin strateji prioriteti

Davamlı olaraq ölkəmizdə keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirlər, həmçinin Dekabrın 6-da keçirilən Forumun ölkəmizin, həmçinin Prezident cənab İlham Əliyevin şəxsi nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayır. Forumda  Prezident cənab İlham Əliyevə ünvanlanan suallarda bu fikirlər də yer aldı ki, tarix Prezident cənab İlham Əliyevi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən dövlətimizin başçısının  dəst-xəttini müəyyənləşdirdi. Bu fikirlərin davamı olaraq “Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi” sualına cavab olaraq Prezident cənab İlham Əliyev bildirdi ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və  bu məqsədlərə nail olunduğum üçün fəxr edirəm.  Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Sülhlə bağlı onu deyə bilərəm ki, biz regiona sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir.  Minsk qrupunun həmsədrləri münaqişənin hərbi yolla həllinin olmadığını bildirirdilər. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.”

Prezident başçısı İlham Əliyev Forum iştirakçılarına tarixi Zəfərimizin reallıqlarından, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan məqamlardan, dünyanın ikili standatlara əsaslanan siyasətinin yaratdığı problemlərdən geniş bəhs etdi: “Bildirildi ki, Fransa və Hindistan Ermənistanı silahlandırmaqla tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar. Sülh müqaviləsinin imzalanmasına gəldikdə isə belə bir çağırış da səsləndirildi ki, Ermənistanla Azərbaycan arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “Dağlıq Qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.” Prezident cənab İlham Əliyevin iştirakı ilə keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir bütün sahələrdə mövcud imkanlarımızın təqdimatında, günün aktual məsələləri ətrafında mövqenin nümayiş olunmasında, bir sözlə, Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsində zəngin mənbədir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar regionda böyük dəyişikliklərə, dünya siyasətində yeniliklərə yol açır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Sülh ilə bağlı olan ümidlər tükənmişdir

Son 30 il ərzində regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədən sonra da öz təcəvüzkarlıq siyasətindən əl çəkməyib. Müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən bu ölkədə həm hakimiyyətdəki, həm də müxalifətdəki müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək müharibə ritorikası səsləndirirdilər. “Bəlkə də, qaytardılar” xülyası ilə yaşayan bu qüvvələr müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlara rəvac verir və yalan ruporunu işə salmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdılar. Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət sülh paketini qəbul etdiyini bildirsə də, faktiki olaraq əks addımlar atmağa üstünlük verir. Təbii ki, 44 günlük müharibədən sonra məğlub Ermənistanın belə davranışları qalib Azərbaycanı qane etmir. Respublikamız o mövqedən çıxış edir ki, regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülhə nail olunmalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycanın özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi, məqsədlərinə çatması üçün gücü və qətiyyətli siyasi iradəsi var. Respublikamız Ermənistanın təxribatlarına dərhal əks-həmlələrlə cavab verməklə qarşı tərəfə “Dəmir yumruq”un yerində olduğunu xatırladır. Eyni zamanda, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində ölkəmizin dəyişməz iradəsi ortadadır.

Azərbaycan 44 günlük müharibədən sonra davamlı olaraq Ermənistanı üçtərəfli Bəyanatın müddəalarına əməl etməyə çağırmış, Qarabağ və ətraf ərazilərdə qanunsuz silahlı birləşmələrini bölgədən çıxarmasını tələb etmişdir. Lakin 30 il ərzində beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı ölkə, İkinci Qarabağ müharibəsində imzaladığı kapitulyasiya aktından irəli gələn öhdəlikləri də yerinə yetirməmişdi. Əksinə, ölkəmizin suveren ərazisi olan Qarabağ və ətraf rayonlarda erməni silahlı dəstələri öz mövqelərini möhkəmləndirmiş, Azərbaycanın konstitusion hüquqları pozulmuş, şərti sərhəddə təxribatlar daha geniş miqyas almışdır.  Nəticədə bu il sentyabr ayının 19-da Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən sonra qeyri-qanuni separatçı qurumun özünü buraxması və bunun ardınca rus sülhməramlılarının Əsgəran, Şuşa və Ağdərədə yerləşən müşahidə postlarının ləğv edilməsi artıq iki ölkə arasında sabitliyin, təhlükəsizliyin bərqərar olacağına və bu kontekstdə sülh müqaviləsinin imzalanmasının reallaşacağına ümidləri artırdı.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir.

30 il ərzində beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı ölkə, İkinci Qarabağ müharibəsində imzaladığı kapitulyasiya aktından irəli gələn öhdəlikləri də yerinə yetirməmişdi. 44 günlük müharibə başa çatdıqdan sonra qarşı tərəflə danışıqlar aparmaq, uzun illər mövcud olan düşmənçiliyi aradan qaldırmaq üçün Azərbaycan bütün zəruri addımları atmışdır. Əksinə, ölkəmizin suveren ərazisi olan Qarabağ və ətraf rayonlarda erməni silahlı dəstələri öz mövqelərini möhkəmləndirmiş, Azərbaycanın konstitusion hüquqları pozulmuş, şərti sərhəddə təxribatlar daha geniş miqyas almışdır. bu il sentyabr ayının 19-da Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən sonra dövlətimiz suveren ərazisi olan Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına, Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətlərinin açılmasına, sərhədlərin delimitasiyasına və bütün bunların fonunda sülh sazişinin imzalanmasına ciddi səy göstərir. İllər boyu Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlıq üçün ciddi təhlükə olan Ermənistan bu gün bölgədə söz sahibinə çevrilən Azərbaycanın yaratdığı vəziyyətlə barışmaq, bu reallığı qəbul etmək məcburiyyətindədir. Çünki qarşı tərəf sülh sazişini imzaladığı halda əsrlər boyu münaqişə mərkəzinə çevrilən Cənubi Qafqazda sülhə, əmin-amanlığa, inkişafa nail olunacaq. Antiterror tədbirlərinin regionda uzunmüddətli sülh yaradacağına ümid etdiyini bildirən ölkə başçımız 20 sentyabr tarixində xalqa müraciətində demişdir: “Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.

Qarabağı Ermənistanın işğalından azad etdikdən sonra ölkə başçımız bölgədə yaşayan etnik ermənilərin Azərbaycan vətəndaşları olduqlarını, onların hüquqlarının dövlətimiz tərəfindən qorunacağını, azərbaycanlılarla eyni imtiyazlara malik olacaqlarını dönə-dönə vurğulamışdır. Lakin separatçı qüvvələr öz mənafelərindən çıxış edərək Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının beynini yalan, əsassız informasiyalarla dolduraraq ölkəmizə reinteqrasiyasına imkan verməmiş, guya onların hüquqlarının müdafiəçisi kimi çıxış edərək, sözün əsl mənasında girov kimi saxlamışlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə İşçi qrup da yaradılıb. Bu qrupun xətti ilə Xankəndiyə ərzaq, dərman, gigiyenik vasitələr, həmçinin yanacaq-sürtkü materialları da göndərilir. Bütün bunların nəticəsidir ki, bu gün xeyli sayda etnik erməni Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istədiyini bildirir. Bu daAzərbaycan qanunları altında normal həyat şəraitində yaşamaq istəyinin göstəricisidir.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur

Ermənistan 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur. Bu gün  Azərbaycanın əsas geostrateji hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzurda dünya əhəmiyyətli beynəlxalq coğrafiya və geosiyasət bir-biri ilə sıx bağlı hala gəlib. 44 günlük Vətən müharibəsində Qələbədən sonra siyasi gündəmə gətirilən Zəngəzur dəhlizi məsələsi bundan sonra bütün regionun inkişafını şərtləndirən əsas amillərdən biridir. Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişində əhəmiyyətli rol oyanayacaq və ən mühüm məsələ olan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Zəngəzur dəhlizi ilə həm də Avropyaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ən önəmlisi odur ki, bu dəmiryol xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək. Bu dəhliz, həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu ilə hərəkəti reallaşdıracaq. Şübhəsiz ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və qardaş ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Bütün bunların fonunda sözügedən dəhlizin açılmasını istəyən və bu xüsusda əməli addımlar atan ölkələrin sayı getdikcə artmaqdadır. Xüsusən də aparıcı Qərb dövlətləri, eyni zamanda Çin və Rusiya Zəngəzur dəhlizi məsələsində indi daha çox maraqlıdırlar.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Sülh prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır

İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətindən dərs almayan Ermənistanın son üç ildə apardığı siyasətin sülh prosesini ləngidir. Cənubi Qafqazda istəklərinə nail olmaq istəyənlərin bölgənin kor çibanı Ermənistandan vasitə, bağlı qapıların açarı kimi istifadənin məkrli məqsədi artıq bəllidir. Hamısının da istəyi cənnətməkan , təbii sərvətləri bol olan Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyinə xətər yetirmək, bölgədə sabitliyi pozmaqdır. Amma dünya şöhrətli dövlət xadimi Ulu öndər Heydər Əliyevin layiqli varisi Prezident cənab İlham Əliyevin siyasi iradəsi qarşısında aciz qalan bədniyyətlilər məkrli yollarla ölkəmizə zərər vurmağa çalışsalar da cəsarətləri çatmayıb. Taleyi etibarlı əllərdə olan Azərbaycan xalqı birliyi , həmrəyliyi ilə bütün təxribatların qarşısını alıb. Artıq Vətən müharibəsi başa çatıb. «Separatçılar» məhv edilərək Xankəndidə Azərbaycanın Bayrağı dalğalanır. Üçüncı Zəfər paradının bu şəhərdə keçirilməsi Ermənistan kimi, onun bütün havadarlarını da məyus etdi. Ermənistanın hələ də qalib Azərbaycanın təklif etdiyi şərtlər əsasında sülh müqaviləsinin imzalanmasını ləngitməsi, «formal sülh» ətrafında gedişlər etməsi Ermənistanın özünə ziyan vuracaq. Ölkə daxilində yaranan gərginliyi, siyasi partiyalar arasındakı mübarizəni tənzimləmək iqtidarında olmayan Ermənistanın rəsmi dairələri dəmir yumruğun zərbələrini unutmamlıdırlar.

Dekabrın 6-da ADA Universitetində «Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər» mövzusunda keçirlən Beynəlxalq Forumda məsələ ilə bağlı sualları cavablandıran Prezident cənab İlham Əliyev geniş auditoriya iştirakçılarının diqqətinə çatdırdı ki, Ermənistana sülh təklif edən tərəf Azərbaycandır. Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdikdən sonra vasitəçilər olmadan sülh sazişinin beynəlxalq hüquqa əsaslanan şərtlərini təklif edən də qalib ölkə, rəsmi Bakıdır. Brüssel, Vaşinqton, Moskva, Praqa görüşlərini xatırladan dövlət başçımız İlham Əliyev Azərbaycanın sülh sazişi prinsiplərinin qarşı tərəfə göndərilməsinə baxmayaraq Ermənistanın uzun müddət səssiz qalmasını da dünya diplomatiyasında rast gəlinməyən etinasızlıq, məsuliyyətsizlik adlandırdı. Halbuki, Ermənistan üç il bundan əvvəl məlum 5 prinsip əsasında hazırlanan sülh sazişini imzalasaydı bu ilin sentyabrında aparılan lokal xarakterli anttiterror tədbirlərinə də ehtiyac qalmayacaqdı. Son aylarda bölgədə baş verən hadisələr, sülh sazişinin imzalanması ilə bağlı məsələyə aidiyyətı olmayan dairələrin prosesə müdaxiləsi, Ermənistanı yeni müharibəyə təşviq çağırışları, qərəzli «şərhlər» də bölgədə sabitliyi ləngidir. Azərbaycanın təklif etdiyi maksimum altı-yeddi səhifəlik bir sənədə dəfələrlə edilən xəbərdarlıqdan sonra cavab verən Ermənistan hələ də qəti, real qərarını bildirmir. Deməli, prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal