Xəbəraz

Unudulmaz tarix

Unudulmaz tarix

Unudulmaz tarix

10 dekabr 2020-ci il çoxəsrlik tariximizə yazılan parlaq səhifələrdən biridir. Bu tarixdə şanlı Qələbəmizin, hərbi qüdrətimizin dünyaya təqdimatı olan Zəfər paradı keçirildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər paradındakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi: “30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib.”

Hər bir tarixi gün, bayram keçilən yola qısa nəzər salmağı bir zərurətə çevirir. Tarixi Zəfərimizi şərtləndirən amillər aydındır. Azərbaycan bu illər ərzində daha da gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ordu quruculuğu sahəsində atılan addımların nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb, üzərinə düşən missiyanı şərəflə, yüksək səviyyədə yerinə yetirir. Son üç ilin uğurları sırasında xüsusi yer tutan suverenliyimizin tam təmin edilməsi rəşadətli Ordumuzun imkanlarının növbəti təqdimatı oldu. Bu ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin başladığı bir günlük lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlılarının döyüş mövqeləri dağıdıldı və separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Yüksək peşəkarlığa malik olan Azərbaycan Ordusu qarşısına qoyulan hədəflərə uğurla çatır. Prezident cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində bəyan etdiyi kimi, Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı və Azərbaycan əsgəri, zabiti bir daha həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Ordu quruculuğu daim prioritet məsələdir. Torpaqlarımızın işğaldan azad edilməsinə baxmayaraq dövlət başçısı cənab İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd etdi. Dövlət büdcəsindən ayırmalarda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, müdafiə gücümüzün artırılması əsas hədəf kimi vurğulanır.

10 dekabr Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Bu gün bizlərə bu qürurlu anları yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Dünya bu reallığı qəbul etdi ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub

Üç il öncə, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsinə həsr olunan Zəfər Paradı keçirildi. Hər bir əlamətdar hadisə özündə müəyyən məqamları, çağırışları ifadə edir. Zəfər paradı Azərbaycanın hərbi qüdrətinin təqdimatı oldu.

44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Ermənistan ordusu, eyni zamanda, mənəvi məğlubiyyətə uğradı. Cəmi 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini  məhv etdi.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq” həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər paradında böyük əminliklə söylədiyi “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” fikirlər qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu.

Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda üç ildir  həm işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir, həm də  qalib Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün sülh sazişinin imzalanmasını təklif etdi. Bu istiqamətdə ölkəmizin göstərdiyi səylər göz qabağındadır.

Azərbaycan bu il Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində hərbi paradın keçirilməsi ilə bir daha tarixi ədalətə əsaslanan siyasətinin uğurlarını, hərbi gücünü nümayiş etdirdi. Sentyabrın 19-20 tarixlərində Silahlı Qüvvələrimizin keçirdikləri bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Hərbi Qənimətlər Parkı

Vətən müharibəsi sona çatdıqdan təxminən bir ay sonra – 10 dekabr tarixində Bakıda keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bundan iki gün sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və  qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan,  məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. “Məğlubedilməz”  Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 özüyeriyən artilleriya qurğusu və digər eksponatlar yer alıb. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-Azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi “İskəndər M” tipli raket sisteminin qalıqlarının da nümayiş olunduğu Qənimətlər Parkı “Dəmir yumruq” əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir. Bir vaxtlar erməni dövlət nümayəndələri bu raketlə öyünür və Azərbaycanı təhdid edirdi. İndi isə onun qalıqları Azərbaycanda, paytaxt Bakıda nümayiş olunur.

Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən, təbii ki, itkilərimiz də oldu. Ancaq qazanılan Qələbə xalqımıza təsəlli oldu. Övladını itirən ata-analar da, həyat yoldaşını son mənzilə dəyanətlə yola salan xanımlar da ağrı-acılarını bir kənara qoyub qazanılan Zəfərdə əzizlərinin, övladlarının, yoldaşlarının payının olması ilə qürurlandılar.

Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlər, onlara havadarlıq edənlər üçün kabus, bütün Azərbaycan sevənlər üçün isə qürur ünvanıdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova

 

 

Unudulmaz tarix

Qələbəmizin rəmzi kimi 2020-ci il 10 dekabr tarixində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü, işğalçı Ermənistan üzərində  tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi.  Azərbaycan xalqının hərb tarixinə  qızıl hərflərlə yazılmış bu möhtəşəm Zəfər ölkə vətəndaşlarının yaddaşına əbədi həkk olundu.

Bu parad Cənubi Qafqaz regionunun tək hazırki dövrünün yox, həm də gələcəyi, gələcək münasibətlərinin dizaynını nümayiş etdirən, dostu dost, düşməni isə düşmən gözündə göstərən tarixi hadisə idi və nəhayət bu qalib Ali Baş Komandanın, qalib Ordunun və qalib xalqın paradı idi.  Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların  nümayəndələri də iştirak edirdilər.

Qardaşlığın Zəfəri kimi iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu.  Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür.  Vətən müharibsəində əldə etdiyimiz parlaq qələbə təkcə bizim deyil, qardaş və dost Türkiyənin də qələbəsidir.

Zəfər paradında nümayiş etdirilən texnikalar Ordumuzun maddi-texniki bazasının zənginliyi dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yeniliklər tətbiq edən ordudur.

Ölkə Prezidenti, yenilməz Ali Baş Komandan  cənab  İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi sayəsində xalqımızın bir yumruq kimi birləşməsi, Qəhrəman Azərbaycan əsgərinin  vətəninə, dövlətinə  sonsuz sevgisi, hazırlıq səviyyəsi və təchizatı sayəsində, hərbi əməliyyatlar  düşmən üzərində  inamlı Qələbəsi ilə nəticələndi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova