Xəbəraz

Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə

Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə

Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə.

Bu gün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Buna səbəb ilk dəfə idi ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi, Bu tarixi futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası vardır. Təməli Qarabağ xanı tərəfindən qoyulan Xankəndi qədim Azərbaycan diyarıdır. Son 30 il ərzində Xankəndidə separatçılar yuva salmış, Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır və bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan ordusu bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır! Bu futbol oyunu sıravi bir idman hadisəsi deyil, Xankəndi şəhərindəki stadionda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Əlamətdar idman yarışmasında Vətənimizin ərazi bütövlüyünün bərpası uğrundakı döyüşlərdə həlak olan Şəhidlərimizin müqəddəs ruhuna ehtiram və vətənpərvərlik nümunəsi göstərilib. Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman Şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər. Bu gün bütün Qarabağın ərazisində aparılan quruculuq-abadlıq işləri Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Xankəndi şəhərindəki stadion cəmi iki ay ərzində yenidən inşa edilib, əsaslı təmir olunub. Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Zərdab Gənclər evinin psixoloqu  Cəvahir Murtuzayeva

 

 

Xankəndi stadionu

Azərbaycan dövlətinin hədəflədiyi, xalqının isə illərdir arzuladığı, dualar etdiyi suveren Azərbaycana qovuşduq. Artıq elə bir bölgəmiz yoxdur ki, orada Azərbaycan bayrağı dalğalanmasın.Bütöv Azərbaycanla bağlı arzular bitərmi? İndi işğaldan azad edilən torpaqlara yeni həyat, yeni nəfəs vermək zamanıdır. Çünki illərdir oralar bizi – sahiblərinin yolunu gözləyir. Qarabağla bağlı o qədər arzular var ki… Onları reallaşdırmaq eşqi bu gün həmin torpaqlara canlanma gətirib.Hər bir sahə kimi, idmanla da bağlı böyük planlar, istəklər var. Son 3 il ərzində Qarabağda keçirilən idman yarışları bölgənin canlanmasında böyük rol oynayıb. “Mingəçevir Reqatası”nın bir mərhələsi, “Əziz Şuşa”, “Shusha Chess 2022” və başqa yarışlar Qarabağın bəzəyinə çevrilib. Eyni zamanda, Azərbaycan dövlətinin, xalqının torpağına necə dəyər verdiyini dünyaya nümayiş etdirib. Bu, işğaldan azad edilmiş torpaqlarda atılan ilk addımlar idi. Zaman göstərir ki, həmin yarışlar sonuncu olmayacaq. Bununla da Qarabağın qayıdışına idman da öz töhfəsini verəcək.Budur, Xankəndi nəhayət azaddır. İllərdir Azərbaycan futbol ictimaiyyəti də bu günü gözləyirdi. Axı orada bizi gözləyən stadion var. Stadion isə hər bir futbol adamının məbədidir. Biz illərdir həmin arenanın fotolarına baxıb, orada keçiriləcək ilk matçın xəyalını qururduq.Bu xəyalın gerçəkləşməsi 2023-cü ilin dekabr ayının 21-ə təsadüf etdi.Həmin gün Xankəndidə təkcə oyun deyil, həm də böyük bayram oldu. Artıq Xankəndidə separatçılar yox, bu torpağın sahibləri var. Bu anların illərdir həsrətini çəkmişik.Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun “Qarabağ” la “MOİK” klubları arasında oldu. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (“Turan Tovuz”) arasında olub.Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib. Yeri gəlmişkən qeyd edim ki Xankəndi stadionunun inşasına 1955-ci ildə başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. İlk dəfə İosif Stalinin adı ilə adlandırılmışdır. Bir neçə il sonra adından İosif Stalinin adı götürülərək “Stepan Şaumyan adına mərkəzi stadion” adlandırılmışdır. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra “Xankəndi şəhər stadionu” adına qayıdılmışdır.SSRİ dövründən stadionda Qarabağ Xankəndi FK klubu ev oyunlarını keçirirdi.

Zərdab Gənclər evi SXM-in metodisti –Toğrul Abulov.

 

 

Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə.

İdmançılarımız üçün ən böyük hədiyyə azad olunmuş ərazilərə, Xankəndiyə  qayıtmaqdır. Bu mənada 2023-cü ilin dekabr ayı idman ictimaiyyəti üçün  önəmli ay kimi tarixə düşdü. Bu il ənənəvi idman yekunlarının Xankəndidə keçirilməsi olduqca vacib hadisədir. Qalib ölkənin idmançılarının öz suverenliyimizi bərpa etdikdən sonra Xankəndidə mükafatlandırılması bütün idman ictimaiyyətini qürurlandırdı. Prezident İlham Əliyevin idmançılarla görüşündə söylədiyi kimi, məhz Xankəndidə ali səviyyədə mükafatlandırılma ədalət nümunəsidir.

Doğrudan da bu, çox nadir nümunədir. Biz qalib xalq kimi öz dogma torpaqlarımızda bütün ənənələrimizi bərpa edirik. Xankəndidə həm idmançılar, həm azarkeşlər özlərini çox xoşbəxt hiss edirdilər. Bizim qayıdışımızla azad olunmuş ərazilərə həyat qayıdıb. Bunu cəmi 3 ay əvvəl azad olunmuş Xankındinin dirçələn simasında daha aydın görmək mümkündür. 30 il separatizmdən əziyyət çəkən Xankəndi stadionunda ilk dəfə futbol matçı keçirildi. Təbii ki, Qarabağ-MOİK qarşılaşmasının Xankəndidə keçirilməsinin rəmzi mənası var və Prezident İlham Əliyevin stadionda çıxışı zamanı bəyan etdiyi kimi, azərbaycanlıların inşa etdiyi bu gözəl diyarda 30 il ərzində separatçılar yuva salmışdılar. Faktiki bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Üç ay əvvəl Xankəndidə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Cəmi 2 ay ərzində yenidən inşa edilən Xankəndi stadionu separatizm simvolikasından təmizləndi. Biz tarixi matçları tezliklə Ağdamın “İmarət” stadionunda da izləyə biləcəyik. Yaxın vaxtlarda stadionun yenidən inşasına başlanılacaq. Bu, işğaldan azad olunmuş ərazilərimizdə idmanın inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin keçirildiyini göstərir. Xankəndidə keçirilən mərasim Azərbaycan idmançılarını daha böyük qələbələrə həvəsləndirir. Əminəm ki, idmançılarımız bundan sonra da bizi daha böyük uğurlarla sevindirəcək.

Zərdab Gənclər evinin psixoloqu  Cəvahir Murtuzayeva