Xəbəraz

Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir

Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir

Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir.

 

Ulu Öndər Heydər Əliyevin 01.10.2003-cü il tarixli müraciəti: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etmişdir. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılmışdır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

 

Prezident İlham Əliyevin dövlət siyasəti milli həmrəylik mühitinin toxunulmazlığını təmin edir.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir. Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı şəkildə keçirilən görüşlər demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübədir. 6 noyabr 2005-ci il, 7 noyabr 2010-cu il, 1 noyabr 2015-ci il və 9 fevral 2020-ci il tarixlərində keçirilmiş parlament seçkiləri ölkədə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsidir. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunublar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər. 10 siyasi partiyanın (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası) VI çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir.

 Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Prezident İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olunur. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulub. Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdir.

Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.

 İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollardır. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

Zəfər Ordusunun formalaşmasına səbəb olmuş effektiv ordu quruculuğu.

2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub. Müzəffər Ali Baş Komandanın təşəbbüsü əsasında Qələbə ilə bağlı orden və medallar təsis olundu. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan özünün enerji müstəqilliyini tam təmin edib, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır.

 Son 15 ildə iqtisadiyyatın inkişaf dinamikası baxımından dünyada Azərbaycan kimi ölkələrin sayı çox az olub. Qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalara baxmayaraq, ölkəmiz iqtisadi potensialını davamlı şəkildə artırmağa nail olub. Ümumiyyətlə, Azərbaycanın son 15 ildə iqtisadi sahədə əldə etdiyi uğurlar tarixi nailiyyətlərdir. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində vurğulayıb ki, biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Dövlət başçısı bəhs olunan dövrdə milli iqtisadiyyatımızın 3 dəfədən çox genişlənməsini çox böyük göstərici kimi səciyyələndirərək deyib: “İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir”.İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın siyasi müstəqilliyi üçün fundamental amil rolunda çıxış edir
Dünya təcrübəsindən də bəlli olduğu kimi, hər bir ölkənin real müstəqilliyinin arxasında ilk növbədə iqtisadiyyat amili dayanır. Milli iqtisadiyyatı çökən ölkələrin müstəqilliyi də formal xarakter daşıyır. İqtisadiyyatının durumuna görə regional və qlobal müstəvidə heç bir önəm daşımayan forpost Ermənistanın vəziyyəti buna nümunədir. Məlum olduğu kimi, işğalçı Ermənistan bütün irimiqyaslı enerji, nəqliyyat layihələrindən kənarda qalıb və dalan ölkəyə çevrilib. Bu gün iqtisadiyyatı tamamilə tənəzzülə uğrayan bu ölkəyə xarici investorlar maraq göstərmirlər. Nəticədə, burada acınacaqlı mənzərə yaranıb. İqtisadi asılılıq Ermənistanı siyasi cəhətdən də asılı ölkəyə çevirib. Bu ölkə müstəqil siyasi qərarlar verməkdə acizdir, daim yedəkdə gedir. Eyni zamanda, işğalçı ölkədə əhalinin sosial durumu, dolanışıq şəraiti də dözülməz dərəcədə ağırdır və bu da, öz növbəsində, sosial partlayışa, insanların kütləvi narazılığına, siyasi və hakimiyyət böhranına gətirib çıxardıb.

Azərbaycandakı vəziyyət isə tamam fərqli rakursdan diqqəti cəlb edir. Qeyd etdiyimiz kimi, son 15 ildə milli iqtisadiyyat əhəmiyyətli dərəcədə genişlənib. Ölkə həm transmilli şirkətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq sayəsində zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və ixracında, eləcə də güclü emal sənayesinin qurulmasında, həm də neftdənkənar, elm tutumlu, innovativ iqtisadiyyat quruculuğunda böyük uğurlara imza atıb. Artıq Azərbaycan özünün enerji müstəqilliyini tam təmin edib, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Qürur hissi ilə vurğulamaq yerinə düşər ki, qısa müstəqillik tarixində Azərbaycan azsaylı üzvlərə malik dünya kosmos ailəsinin tərkibinə daxil olub. Hazırda respublikamızın iki peyki uğurla istismar olunur və daha bir peykimizin orbitə çıxardılmasına hazırlıq görülür.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi inkişafını yüksək qiymətləndirirlər

Əlamətdar haldır ki, ölkəmizin iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə də etiraf olunur. Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və digər qurumlar milli iqtisadiyyatımızın perspektivləri ilə bağlı müsbət proqnozlar irəli sürüblər. Nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycan iqtisadiyyatı müxtəlif indikatorlar üzrə yüksək qiymətə layiq görülüb. Bəhs olunan hesabatda milli iqtisadiyyatımız rəqabətqabiliyyətliliyinə görə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bu, o deməkdir ki, respublikamız dünya üzrə ən güclü iqtisadiyyata malik 40 ölkə sırasında yer alır və MDB-də lider mövqeyini qoruyub saxlayır. “Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.Azərbaycanda həyata keçirilən genişməzmunlu sosial siyasət də “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda yüksək qiymətləndirilib. Sənəddə dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.

Nüfuzlu beynəlxalq qurumun ənənəvi inklüziv inkişaf indeksində də Azərbaycanda gedən proseslər növbədi dəfə yüksək dəyərləndirilib. Bəhs olunan indeksə əsasən ölkələr iki qrupa bölünüb – inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr. İnkişaf etmiş ölkələr sırasına 30 ölkə daxildir. İnkişaf etmiş ölkələrin indeksində Norveç, İslandiya və Lüksemburq liderlik edirlər. İnkişaf etməkdə olan ölkələr qrupunda 77 ölkə ayrı-ayrılıqda tədqiq edilib. Hesabatda Azərbaycan yeddi mümkün baldan 4,69 bal alıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc