Xəbəraz

Tarixi ədalətin ayaq səsləri: bir milyon vətəndaşın problemi həllini tapır?

Tarixi ədalətin ayaq səsləri: bir milyon vətəndaşın problemi həllini tapır?

“Heydər Əliyev İli”ndən həssas gözlənti və gerisayım başladı: “Dekabrın son gününədək…”

2023-cü ilin başa çatmasına sayılı günlər qalır. Bu il ölkəmizin həyatında əlamətdar hadisələrlə yadda qaldı. Lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu. Uzun illərdir qəbulu gözlənilən bir çox qanunlar qəbul edildi. Ötən əsrin 90-cı illərindən müzakirəyə çıxarılan və bir neçə dəfə geri qaytarılan Rəqabət Məcəlləsi ratifikasiya edildi.

Bununla yanaşı, yola salmaq üzrə olduğumuz “Heydər Əliyev İli”ndən cəmiyyətin bir çox gözləntiləri hələ də özünü doğrultmayıb. Bu il reallaşacağı ən çox gözlənilən hadisələrdən biri özəlləşdirmə çekləri ilə bağlı yaranmış hüquqi problemin həllini tapacağı və tarixi sosial ədalətin bərqərar olacağı idi. Lakin təəssüflər olsun ki, hələ də özəlləşdirmə payları əlində qalan yüzminlərlə vətəndaşın hüquqları təmin olunmayıb.

Əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanması ulu öndər Heydər Əliyevin Azərbaycan vətəndaşları qarşısında tarixi xidmətlərindən biri idi və “Heydər Əliyev İli”ndə hər kəs özəlləşdirmə prosesi ilə bağlı müzakirələrə yekun vurulacağını gözləyir(di).

Xatırladaq ki, özəlləşdirmə çekləri 1997-ci il yanvarın 1-dək anadan olmuş hər bir ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiyadan qorunmaqla bir özəlləşdirmə çekinin dəyəri hazırda 20 000 (iyirmi min) ABŞ dolları ekvivalentində qəbul edilir. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

2023 nələrlə yadda qaldı?

2023-cü ilidə özəlləşdirmə çekləri əlində qalan müharibə veteranları və təqaüdçülər hüquqlarının bərpa olunması və özəlləşdirmə çekləri ilə bağlı qərarın araşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət ediblər. Müraciətdə qeyd olunur ki, “Qiymətlər kağızlar haqqında” Qanunda qiymətli kağızlar üçün müddət nəzərdə tutulmayıb və bu səbəbdən tədavül müddətinin başa çatması barədə qərar qanunsuzdur. Bundan başqa, imzalanan fərmanda və qanunvericilikdə özəlləşdirmə çeklərinin qiymətli dövlət kağızı olması aydın şəkildə qeyd olunub.

Azərbaycan tarixində bir ilk

Daha önəmli məqam odur ki, 2023-cü ildə Konstitusiya Məhkəməsinin və ümumilikdə müstəqil Azərbaycanın tarixində bir ilk baş verib. Belə ki, həm vətəndaşlar, həm deputatlar, həm Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, həm Prezident Administrasiyası, həm də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

Bu isə öz növbəsində özəlləşdirmə çeklərinmin taleyinə aydınlıq gətiriləcəyinə, bəzi məmurların, başda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qurduğu məkrli oyun nəticəsində hüquqları tapdanan bir milyon insanın haqlarının bərpa olunacağına böyük ümidlər yaradıb. Lakin nədənsə Konstitusiya Məhkəməsi daxil olan müraciət əsasında qərar çıxarmağa tələsmir. Düzdür, onlar bildirirlər ki, bu prosesə məntiqi yekun vurulacaq, lakin bunun nə vaxt həyata keçiriləcəyini bəyan etmirlər.

Ötən müddətdə şikayətçilərin həm özləri, həm hüquqi nümayəndələri Mübariz Yolçuyev dəfələrlə Konstitusiya Məhkəməsinin Qəbul şöbəsinin müdiri Anar Cəfərovla görüşüblər. Hər görüşdə vətəndaşların narazılıqları və tələbləri Konstitusiya Məhkəməsi rəsminin diqqətinə çatdırıb. Hər dəfəsində Cəfərov məsələnin tezliklə həllini tapacağını bəyan etsə də, göründüyü kimi, artıq 2023-cü il yekunlaşmaq üzrədir, amma hələ də müsbət xəbər yoxdur.

Deputatlardan çağırış

Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də Milli Məclisin üzvləri özəlləşdirmə çeklərindən dolayı hüquqları pozulmuş vətəndaşların problemlərinin həlli üçün dövlət orqanlarına çağırışlar ediblər. Onlar eyni zamanda vətəndaşlardan daxil olan müraciətlər əsasında Konstitusiya Məhkəməsinə sorğu gönbdəriblər.

Deputatlardan Asim Mollazadə, Razi Nurullayec, Fazil Mustafa, Aqil Abbas, Azər Badamov, Vüqar Bayramov, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Tahir Rzayev, Ceyhun Məmmədov, Rüfət Quliyev, Zahid Oruc, Tahir Kərimli, Aydın Mirzəzadə, Nəsib Məhəməliyev və digərləri mətbuata müsahibələri zamanı vauçerlərin tədavül müddətinin artırılması və ya dəymiş zərərə müvafiq olaraq kompensasiya ödənilməsi təklifi ilə çıxış ediblər.

Asim Mollazadənin fikirlərindən sitat:

“Özəlləşdirmə payları əlində qalan vətəndaşların hüquqlarının bərpa olunması olduqca vacib məsələdir. 1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən bununla bağlı imzalanan fərmanda qeyd olunurdu ki, özəlləşdirmə çekləri hər bir Azərbaycan vətəndaşına əvəzsiz olaraq paylanılır. Bu fərmanda pay sahiblərinin hüquqlarının qorunması, onların bu prosesdə fəal iştirakının təmin olunması öz əksini tapırdı və kifayət qədər mütərəqqi məqamlar yer alırdı. Yenicə müstəqilliyə qədəm qoyan və bir sistemdən digər sistemə keçid edən ölkənin vətəndaşları üçün bu, çox mühüm bir qərar idi. Tədavül müddətinin ləğv olunması barədə qərardan sonra yüzminlərlə ölkə vətəndaşı hüquqsuz duruma düşüb”.

Siyasətçilərin mövqeyi

Müsavat Partiyasının başqanı Arif Hacılı, sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Yeni Zaman Partiyasının sədri Musa Ağayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, AĞ Partiyanın sədri Tural Abbaslı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, YAP-ın tanınmış üzvlərindən, professor Şahlar Əsgərov, son qurultayda kollektiv şəkildə bu partiyaya birləşdiyini elan edən Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc, sabiq dövlət müşaviri Qabil Hüseynli və başqaları da özələşdirmə çeklərinin tədavül müddətinin artırılmasının vacibliyi ilə bağlı açıqlamalarla çıxış ediblər.

Tural Abbaslının fikirlərindən sitat:

“Dövlət özəlləşdirmə payları qiymətli kağız olduğuna görə dövlət tərəfindən hansısa formada həmin şəxslərə dəyən zərərin ödənməsi üçün mexanizmin yaradılmasına ehtiyac var. Xeyli sayda insanın əlində hələ də özəlləşdirmə çekləri qalmaqdadır. Müəyyən müddətdir ki, əlində çekləri qalan şəxslərin tədavülün yenidən bərpa olunması ilə bağlı müvafiq qurumlara müraciəti müşahidə olunur. Hesab edirəm ki, hökumət nümayəndələri bu şəxsləri qəbul etməli, təkliflərini dinləməli və hazırkı iqtisadi duruma uyğun müvafiq addımlar atmalıdır. Heç bir vətəndaş dövlətin çap etdiyi çeklərdən məhrum olmamalı, ziyana düşməməlidir. Bununla yanaşı, vətəndaşın dövlətə olan inamı yerə vurulmamalıdır. Çeklərin yenidən dövriyyəsi ilə bağlı tətbiq olunacaq mexanizmə görə bir komissiya yaradıla bilər. Hər halda mövcud problemi görməzdən gəlmək olmaz. Ona görə də aidiyyəti qurumların iştirakı ilə dəyirmi masaların keçirilməsi və müzakirələr aparılması problemin həllinə müsbət təsir edə bilər”.

Media və ictimaiyyət

İctimai xadimlər – Mətbuat Şurasının sədri Rəşad Məcid, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Osman Kazımov, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova, Milli Məclisin keçmiş üzvü, hüquq elmləri doktoru, professor Qulamhüseyn Əlibəyli, iqtisadçı ekspert Rəşad Həsənov, iqtisadçı alim Fikrət Yusifov, vəkil Adəm Məmmədov, iqtisadçı-ekspert Pərviz Heydərov, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov, iqtisadçı Vüqar Oruc, Azərbaycan Vəkillər Kollegiyasının onlarla üzvü vauçerlərlə bağlı hökumətə çağırış ediblər.

Qulamhüseyn Əlibəylinin fikirlərindən sitat:

“Fırıldaqçı işbazların və məmur oliqarxiyasının neqativ fəaliyyəti, əhalinin maariflənmə səviyyəsinin aşağı olması səbəbindən bəzi vətəndaşlar özəlləşdirmə paylarını “qara bazar”da satışa çıxardılar. Lakin elə vətəndaşlarımız da var ki, onlar bu günə qədər özəlləşdirmə paylarını qoruyub saxlayırlar. Lakin kimlərsə deyir ki, onların heç bir dəyəri qalmayıb. Bu, kökündən səhv və yanlış qərardır. Necə ola bilər ki, vətəndaşın mülkiyyət hüququ əsassız qərarla məhdudlaşdırılsın?! Bu qanunsuzluğu aradan qaldırmaq lazımdır. Konstitusiya Məhkəməsindən ciddi gözləntilərimiz var. Tarixi ədalət bərpa olunmalıdır. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi ədalətli qərar verəcək”.

Göründüyü kimi, bir milyona yaxın vauçer sahibi tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Ölkə ziyalıları onlarla həmrəylik nümayiş etdirir. Rəsmi qurumlar isə susur… Bütün diqqətlər Konstitusiya Məhkəməsinə yönəlib. Yüzminlər tarixi ədalətin bərpa olunacağı günü səbirtsizliklə gözləyir.

Və ilin son ümidverici xəbəri

Özəlləşdirmə çekləri sahiblərinin hüquqi nümayəndəsi Mübariz Yolçuyev dekabrın 20-də çek sahiblərinə videomüraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, özəlləşdirmə payı sahibləri adından Tahir Axundov növbəti dəfə Konstitusiya Məhkəməsinin Qəbul şöbəsinin müdiri Anar Cəfərovla görüşüb və şöbə müdiri 2023-cü il dekabrın sonunadək Konstitusiya Məhkəməsi Palatasının vətəndaşların Konstitusiya şikayəti ilə bağlı öz qərarını qəbul edəcəyini bəyan edib.

“Bu qərar şikayətin icraata götürüləcəyi və ya icraata götürülməsindən imtina edilməsi barədə olacaq. Məsələ ilə əlaqədar özüm də Anar müəllimə zəng vurdum. O, mənə bildirdi ki, “məsələyə dair rəy verməsi üçün müraciət olunan bütün aidiyyəti 9 dövlət qurumundan lazımi rəylər Konstitusiya Məhkəməsinə daxil olub və dekabrın son gününədək Konstitusiya Məhkəməsi verdiyiniz şikayətlə bağlı bir qərar qəbul edəcək”. Bu qərar müsbət və ya mənfi qərar ola bilər. Amma hamımız ümidlə gözləyirik ki, bu, müsbət qərar olacaq və haqlı tələbimiz təmin ediləcək. Cənab Prezidentin bu yöndə xüsusi tapşırığı olduğunu hesab edirik və ümidvarıq ki, ilin sonunadək haqlı tələbimizlə bağlı müsbət qərar qəbul olunacaq”.

QEYD

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.