Xəbəraz

“Heydər Əliyev. 100 Faktın Tarixi” kitabının təqdimatı oldu – Fotolar

“Heydər Əliyev. 100 Faktın Tarixi” kitabının təqdimatı oldu – Fotolar

“Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilən “Heydər Əliyev: 100 Faktın Tarixi” kitabının təqdimatı olub.

Qanunla.Az xəbər verir ki, müəllifləri deputatlar Elnur Allahverdiyev və Soltan Məmmədov olan kitabın təqdimatında digər millət vəkilləri, icra başçıları, ölkənin ictimai-siyasi xadimləri şəxslər iştirak ediblər.

Deputat Elnur Allahverdiyev qonaqları salamlayaraq bildirib ki, insanlara bir daha həqiqəti göstərmək, tarixi xatırlatmaq istəyiblər: “Ulu öndərin Azərbaycan üçün gördüyü minlərlə, milyonlarla işdən 100-nü bir yerə topladıq. Kitab çox oxunaqlıdır. Çalışacağıq bu kitabı gələn il xarici dillərdə çap etdirək. Çap Azərbaycanda yox, xaricdə olunacaq ki, o mənbə qəbul olunsun və vikipediya kimi böyük ensiklopediyada yer ala bilsin”.

Deputat Soltan Məmmədov isə qeyd edib ki, kitabın təqdimatının bu ilə təsadüf etməsi qürurvericidir: “Bu il Heydər Əliyev Fondu xaricdə bir çox tədbirlər keçirib. Böyük Biritaniyada Viktoriya Albert muzeyində böyük bir tədbirin keçirilməsi, eləcə də Çinin tarixində ilk dəfə bu ölkənin sədrinin iqamətgahında başqa ölkəyə aid tədbirin keçirilməsi Azərbaycanın gücünü göstərir. İstənilən informasiya mənbəyi bizim üçün çox dəyərlidir. Sevinirəm ki, həmkarım Elnur müəllimlə birlikdə bu təşəbbüslə çıxış etdik və kitabı ərsəyə gətirdik”.

Daha sonra natiqlər çıxış edərək ulu öndərin həyat yolundan, onunla bağlı xatirələrdən danışıblar.

Qeyd edək ki, kitabda ümummilli liderin dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən 100 ən əlamətdar olanı seçilib, onun müsahibələrinə, çıxışlarına və bəyanatlarına, eləcə də səfərlərinə və müxtəlif görüşlərinə toxunulub. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın ideya müəllifləri və məsləhətçiləri Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovdur.

Fotolar: Xəyal Vəlizadə