Xəbəraz

Həsrətlə “ boyanan” ömür…Leyla Yaşar

Həsrətlə “ boyanan” ömür…Leyla Yaşar

Həsrətlə “ boyanan” ömür…

-Yox , yox! O məni anlamaz. Dəli sanar. Haqqımda nə düşünər? Məftun ondan bir az aralıda oturub dənizə gözlərini zilləyib, öz- özünə danışan qadını sakitcə süzdü. Başını aşağı salıb heç nə olmamış kimi telefonuna baxmaqda davam etdi. Aradan iki -üç dəqiqə keçmişdi. Kürəyinə nəsə toxunduğunu hiss edib başını qaldırdı.

-Salam! -Salam!

-Sizinlə danışa bilərəm? –

Buyurun, əlbəttə.

Məftun həyəcanlanmağa başaladı. Amma nə edə bilərdi? Nə olur olsun dayanıb dinləməli idi. Qarşısındakı insanın susqunluğu ona qəribə gəldi.

– Buyurun. Sözünüzü deyə bilərsiniz. – üzr istəyirəm. Avazımış dodaqlar arasından titrək notlar üstə bir səs çıxdı.

Sizə bir sual vermək istəyirəm?

– Buyurun!

– Siz heç ruhən öldünüzmü? Məftun eşitdiyi sualdan yerindəcə donub qaldı.

– Narahat olmayın. Mən dəli deyiləm!

-Dənizin o tayını görüb keçə bilməmək bilirsiniz nədi? Burdan gözlərini saatlarla zilləyib baxıb, naçar olmaq nədi bilirsinizmi?

– başı qarlı dağların gözəlliyindən heyran olub , yamacına çıxa bilməmək bilirsiniz nədi?

– yox, yox mən dəli deyiləm, vallah dəli deyiləm!

-Sevdiklərindən uzaq qaldınızmı heç?

Hər gün danışıb güldüyün, bəzən hirsləndiyin, bəzən küsdüyün insanları görməmək nədi bilirsinizmi?

– bəzən ağladığın , bəxtindən küsdüyün, niyə məhz mən dediyin yerlərə həstərlə baxmaq nədi bilirsinizmi?

Məftun siqareti yandırıb fikirli- fikirli qarşısındakı orta yaşlı qadına baxırdı. Heç nə anlamasa da, maraqla başını yellədi.

– Davam edim?

-Buyurun!

– Taleyindən şikayət edib, ordakı taleyimə qurban olum demək bilirsinizmi nədi?

Yox siz bunları bilə bilməzsiniz!

– Ata- anasının məzarını qucaqlaya bilməmək, hönkürüb ağlaya bilməmək bilirsinizmi necə olur?

-sevmədiyi qohumunu doğma bilmək, ayağının altını qazanları belə qucaqlayıb bağrına basmaq istəyi nə olduğunu bilirsinizmi?

– Siz bunları bilməzsiniz. Torpağı üçün burnunun ucu göynəmək nədi bilirsinizmi ?

– heç nəyi olmayan birinin keşkə vətənimdə olardım heç nə istəmirəm deməsi çox ağırdı, bala .. Quş olub səmalarda günlərlə uçmağa razıyam, balıq olub bu gördüyün bu dənizdə üzməyə hazıram. Yetərki sonda torpağıma qovuşum. Qadın son sözlərini deyib, gözünü dənizə zillədi. Sanki dəniz onu ağuşununa alıb tez bir zamanda Vətəninə aparacaqdı.

– Hə, yəqinki məni anlamadın. Amma çox sağol ki, dinlədin. Məftunu qəhər boğmuşdu. Ayağa qalxıb, qadını bağrına basmaq doyunca ağlamaq istəyirdi. Hayqırmaq, dağa- daşa səs salmaq , Vətənimi istəyirəm demək istəyirdi. Amma qadını qorxuda bilərdi. Bir anlıq daxili “fırtınalar” la dolu olan qadına diqqətlə baxdı.

Yaxınlaşıb : -Xanım, taleyləri oxşar olanlar bir- birini daha tez, daha yaxşı anlar. Sizin ruhunuz ölməyib, sadəcə yerini həsrətə “ bağışlayıb.Sizin ömrünüzü öz rənginə “ boyayan” həsrətə… 27.12.2023

 

Müəllif:Leyla YAŞAR