Xəbəraz

Qanlı Yanvar qırğını

Qanlı Yanvar qırğını

Qanlı Yanvar qırğını.

Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrindən “respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov məno yanına çağırıb dedi: fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər”. SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlilar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra və sonrakı günlərdə daha 21 nəfər həlak olub. Daha 8 nəfər fövqəladə vəziyyət elan olunmayan ərazilərdə – yanvarın 25-də Neftçalada, 26-da isə Lənkəranda həlak olub.

Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür. Hərbçilərin yandırıcı güllələrdən açdığı yanğın nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər də var. 1990-cı il yanvarın 22-də AzSSR Ali Sovetinin növbədənkənar sessiyası keçirildi və orada baş vermiş hadisələrə siyasi qiymət verildi. Azərbaycan SSR Ali Sovetinin hadisələri araşdıran Komissiyasının Bəyanatında qeyd edilirdi ki, müttəfiq hakimiyyət orqanları Azərbaycan SSR-in suveren hüquqlarına etinasız yanaşır, SSRİ-nin yaradılması haqqında Müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını pozurlar. Yanvarın 22-də ölənlərin dəfn mərasimi keçirilib. Bu hadisələr Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub, 20 Yanvar isə respublikada qeyri-iş günü olub

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində olub.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini də Ümummilli Lider Heydər Əliyev verdi. Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər  4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində olub.  Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyev bu barədə belə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər». Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik.

Ümummilli Liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.  Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Bu gün Yanvar faciəsi  təkcə hüzn günü kimi anılmır. 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq mübarizəsinin ən önəmli səhifələrindən biridir. Artıq 34 ildir ki, həmin qanlı gecədə həlak olan azərbaycanlıların uyuduğu xiyaban vətəndaşlar üçün ən müqəddəs məkana çevrilib. Prezident İlham Əliyev Azərbaycan xalqına Şuşa müjdəsini də məhz Şəhidlər xiyabanından verdi. Sanki bununla xiyabanda uyuyan həm 20 Yanvar, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin narahat ruhu dinclik tapmış oldu. 20 Yanvar faciəsi Azərbaycan xalqına böyük bir zərbə olsa da, onu sındırmadı. Düşmən öz vəhşiliyi ilə qarşısına qoyduğu heç bir məqsədə çata bilmədi. 30 il Azərbaycan torpaqlarını əsarətdə saxlayan Ermənistanın və onun havadarlarının da niyyəti baş tutmadı. Bu gün müqəddəs Şəhidlər xiyabanında olduğu kimi, Qarabağda da Azərbaycanın şanlı üçrəngli bayrağı dalğalanır. Azərbaycanın döyüş meydanında qazandığı Qələbə siyasi arenada da uğurla davam etdirilir. Son hadisələr bizə daha nikbin olmağa və gələcəyə ümidlə baxmağa əsas verir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

.

 

 

Qanlı Yanvar qırğını

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb. Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub. “Zərbə” kod adı verilən hərbi müdaxilə nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb. 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub. 1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda müxtəlif millətlərdən olan qadınlar, qocalar, gənclər və uşaqların dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. Həmin gün binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların müşayiəti ilə yüz minlərlə Bakı sakini güllələnən dinc insanların dəfnində iştirak edib. Faciə qurbanları müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub. 2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümummilli hüzn günü elan edilib. Hər ilin 20 yanvar tarixindэ ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.

Ehtiram Osmanov-Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

Cəsarətli bəyanat.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da heç bir xəbərdarlıq edilmədən paytaxt Bakıya yeridilərək dinc əhaliyə divan tutmuş sovet silahlı qüvvələrinin qoşun hissələri tərəfindən 147 mülki vətəndaş qətlə yetirildi, 638 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi, yüzlərlə insan işgəncələrə məruz qaldı. Həmin günlər Bakıda törədilən qanlı qətliamlar və əmlak talanı halları respublikanın bir çox region və şəhərlərində də həyata keçirildi. Qətlə yetirilənlər arasında azərbaycanlılarla yanaşı 6 rus, 3 yəhudi, 3 tatar, uşaqlar, qocalar, qadınlar var idi. 20 Yanvar faciəsinin səhəri günü Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Bəli, düz 34 il əvvəl baş vermiş bu qanlı faciə yaşından, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq bütün Azərbaycan xalqını yumruq kimi birləşdirdi. Bu birlik heç bir siyasi, hüquqi, insani normaya sığmayan vandallıq aktına – qəfil müdaxilə ilə Azərbaycana soxulmuş sovet qoşunları tərəfindən törədilən hərbi-siyasi cinayətə etirazın, keçmiş sovetlər imperiyasına inamsızlıq və nifrət hissinin birliyi idi. İllər ötdü, Azərbaycan xalqı yenidən birləşdi, bir nöqtəyə vuran dəmir yumruğa çevrildi. Bu dəfəki birlik 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə sevincinin, xalqın dövlətinə, ordusuna, müzəffər Ali Baş Komandanına sonsuz inam və rəğbətin birliyi idi. Düz 34 ildir hər il yanvarın 20-də yüz minlərlə insan müqəddəs ziyarətgaha çevrilmiş Şəhidlər Xiyabanına gəlir, Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərini ağrı və məhəbbətlə yad edir.

Ehtiram Osmanov-Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi