Xəbəraz

Ölkəmizin tarixində unudulmaz səhifə

Ölkəmizin tarixində unudulmaz səhifə

Ölkəmizin tarixində unudulmaz səhifə

Müstəqil Azərbaycan Respublikasının tarixində ən unudulmaz və şərəfli səhifə 15 sentyabr zəfərinə aparan vuruşmaların böyük qismi 1918-ci ilin avqust və sentyabr aylarında başlayıb. Gəncədən edilən hücum Bakıda böyük qələbə ilə başa çatmışdır. 1918-ci il mayın 28-də, Milli Şura Tiflisdə Azərbaycan Xalq  Cümhuriyyətinin yarandığını bütün dünyaya bəyan etdi. O çətin  günlərdə Azərbaycan ərazisinin xeyli hissəsi erməni-daşnak qüvvələrinin işğalı altında idi. Buna görə də Gəncə müvəqqəti olaraq paytaxt elan olunmuşdu.Buna görə də  Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq milli-demokratik qüvvələrin qarşısında duran ən çətin vəzifələrindən biri idi. Dövlətin qarşısında çox mühüm işlər dayanmışdı. 1918-ci il martın son 3 günü ərzində  Erməni-daşnak qüvvələri xalqımıza qarşı tarixdə misli görünməmiş soyqırımı törətdilər. Onlar Bakını əldə saxlamaq, onun yerüstü və yeraltı sərvətlərinə sahib çıxmaq istəyirdilər. Göyçənin, Zəngəzurun, Qarabağın və başqa bölgələrin azadlığına doğru gedən yollar Bakıdan – ölkənin paytaxtı Bakıdan keçirdi. Belə çətin bir şəraitdə Osmanlı dövləti Azərbaycanla 1918-ci ilin iyununda bağladığı “Dostluq və əməkdaşlıq” müqaviləsinə əsasən, ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi qüvvələrini ölkəmizə göndərdi. Bu hərbi qüvvələr Azərbaycan xalqının müstəqillik arzularının həyata keçməsinə zəmin yaratdılar. 1918-ci ilin avqust-sentyabr aylarında  qanlı döyüşlər başladı. Sentyabrın 15-də Azərbaycan Milli Korpusu və çoxsaylı azərbaycanlı könüllü Bakıya daxil olaraq şəhəri erməni-daşnak qüvvələrindən təmizlədilər. Bakının azad edilməsi Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələrindən biri oldu.Bakının işğaldan azad olunması münasibəti ilə tanınmış milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ordunun şərəfinə böyük ziyafət verməklə xalqın müstəqilliyə olan inamı daha da möhkəmləndi. Bu gün xalqımızın yaddaşında Osmanlı ordusu  xoş xatirələrlə yaşayır. Qardaş ölkənin qazandığı qələbələr təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixində və ümumən Türkiyə-Azərbaycan tarixində fəxr ediləsi və qürur duyulası silinməz izlər qoyub. Xalqımız Bakının erməni-daşnak qüvvələrindən azad edilməsində iştirak etmiş və böyük qəhrəmanlıqlar göstərmiş hər bir döyüşçünün xatirəsini hər zaman  hörmətlə yad edir. Bütün illər ərzində qəhrəmanlıq, hünər və igidlik göstərənlər heç vaxt unudulmur, onlar tarixin səhifəsində həmişə yaşayırlar.

 

Vəliyeva Südabə

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru