Xəbəraz

Prezidentliyə namizədlərdən gözlənti: Haqq bərpa olunacaqmı?

Prezidentliyə namizədlərdən gözlənti: Haqq bərpa olunacaqmı?

Ölkə vətəndaşlarının ölkə başçısı olmağa iddialı olan siyasətçilərdən mühüm gözləntiləri var

Prezidentliyə namizədlər ayrı-ayrılıqda mətbuatda verdikləri müsahibələrdə debatlarda mütləq şəkildə bu məsələnin qaldırılacağı barədə söz vermişdilər. Lakin bu günə qədər debatlarda bu məsələ ilə bağlı heç nə deyilməyib.

Prezidentliyə namizədlərdən çox xahiş edirik ki, söz verdiyiniz kimi, debatlarda kapitalizmə keçid üçün dövlətin tarixi ədalət, iqtisadi və sosial ədalət siyasətinin, xalq qarşısında qanunla götürdüyü öhdəliklərin pozulması və yüzminlərlə ailənin mülkiyyət və bərabərlik hüquqlarının əlindən alınması barədə müzakirələr aparasınız.

Xahiş edirik, debatlarda cənab Prezidenti təmsil edən nümayəndəyə sual verəsiniz ki, özəlləşdirmə payı – çekləri verilən zaman qüvvədə olan qanunlarla dövlətin və Heydər Əliyevin xalqa verdiyi hüquqların və dövlət öhdəliklərinin, tarixi ədalət siyasətinin pozulması barədə İlham Əliyev məlumat verilibmi?

Hökumət məmurları əsasən sahibkarlar və biznes barədə danışırlar. Lakin ölkəmizdə ən böyük sosial və iqtisadi islahatların özəlləşdirmə ilə bağlı olduğunu heç vaxt dillərinə gətirmirlər.

Əziz prezidentliyə namizədlər!

Bəzi oliqarx məmurlar dövlət özəlləşdirmə çekləri (DÖÇ) barədə düzgün məlumatların dövlət başçısına çatdırılmasına mane olurlar. Bildiyiniz kimi, qanun və Konstitusiyanın pozulması ilə aparılan ədalətsiz özəlləşdirmə vətəndaşlarla məmurlar arasında ciddi gərginlik yaratmaqda davam edir. Bu, həm investorların ölkəmizə inamına, həm də ölkəmizin beynəlxaq aləmdə olan demokratik və hüquqi dövlət kimi nüfuzuna ciddi zərbədir.

Ən əsası, tarixi və sosial ədalətin pozulması gələcəkdə dövlətçiliyimiz üçün problem yarada – vətəndaş qarşıdurmasına səbəb ola bilər. Xahiş edirik ki, problemin ciddiliyini nəzərə alaraq efirdən cənab İlham Əliyevin nümayəndəsini məlumatlandırın.

“Dövlət Özəlləşdirmə Payı” Respublikamızın qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-ci maddəsində “özəlləşdirmə payı” anlayışı verilərək deyilir:

Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir;

Özəlləşdirmə payları respublikanın vətəndaşlarına özəlləşdirmədə iştirak etməyə ilkin bərabər imkan yaratmaq üçün verilir;

Özəlləşdirmə payının məbləği özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisəsi və obyektlərinin dəyərinə əsasən müəyyənləşdirilir;

Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır;

Özəlləşdirmə payından respublikanın hər bir vətəndaşı yalnız özəlləşdirmə təyinatlı məqsədlər üçün istifadə edə bilər;

Özəlləşdirmə payı məqsədli təyinatlara yönəldiyindən, şəxslərə verilmir, tədavül dairəsində tədiyə vasitəsi rolunu oynamır yalnız hesabdan-hesaba keçirilir;

Özəlləşdirmə payı vərəsəlik hüququ əsasında keçdikdə də ancaq təyinatlı məqsədlə istifadə olunur;

Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.

Həmin Qanunun 10-cu maddəsində isə deyilir ki, “özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilir”.

Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair ilk Dövlət Proqramı 29 sentyabr 1995-cil tarixində QANUNLA qəbul olunub. Bu proqram, Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995-cil tarixli Qanunu ilə təsdiqlənmiş məşhur “I Dövlət Proqramı”dır.

I Dövlət Proqarmının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü maddəsində deyilir:

Dövlət özəlləşdirmə payından istifadə etməklə özəlləşdirmə, Proqram qəbul olunduqdan sonra 3 (üç) ay ərzində tətbiq olunur;

Özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir;

Özəlləşdirmə payı – respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir;

Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər;

Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə), nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir;

Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır;

Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir: çeklə özəlləşdiriləcək olanlar Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir;

Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən DƏK-in yerli qurumları ilə birlikdə tərtib edilir;

Özəlləşdirmə paylarının (çeklərinin) verilməsi mexanizmi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir.

Ünvanlı maddi kömək məqsədilə:

Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətəndaşların və 20 Yanvar şəhidlərinin qanuni varislərinə;

Azərbaycan Respublikası torpaqlarının azad olunması, ərazi bütövlüyü və müstəqilliyi uğrunda aparılan hərbi əməliyyatlar zamanı yaralanmış və bu əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (müvafiq siyahılar müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri tərəfindən təqdim olunur);

Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, Sosialist Əməyi Qəhrəmanlarına və onlara bərabər tutulan digər şəxslərə əlavə olaraq bir pay verilir.

İşğal olunmuş ərazilər azad olunduqdan sonra həmin ərazilərdə yerləşən dövlət əmlakı məcburi köçkünlər arasında öz torpaqlarına qayıtdıqdan sonra pulsuz olaraq özəlləşdirilir.

Bildiyiniz kimi DÖÇ-lərin tədavül müddəti əvvəl Qanunla təsdiq olunmuş I Dövlət Proqramı ilə 3 il müddətinə təyin olundu, daha sonra Fərman ilə təsdiq olunmuş II Dövlət Proqramı ilə 2011-ci ilin yanvarın 1-nə qədər uzadıldı.

Göründüyü kimi, burada qanunla qəbul edilmiş proses bir müddət sonradan fərman ilə uzadıldı. Buradan belə bir əsas sual meydana gəlir:  DÖÇ-lərə ilk təyin olunan 3 illik müddət fərman ilə uzadılmasaydı, nə baş verəcəkdi?

Fərz edək ki, DÖÇ-lər ilk 3 ildən sonra tədavül müddəti bitdiyi üçün 1999-cü ildə tədavüldən çıxarılmalı idi. Sual olunur: müddəti uzadılmayıb, özəlləşdirmə payları-çekləri tədavüldən çıxarılsaydı, bəs onda kompensasiya veriləcəkdimi?

Təbii ki, DÖÇ-lər verilən zaman qüvvədə olan qanunlara və Konstitusiyaya görə, 3 illik müddət bitəndən sonra qanunla qoyulmuş qaydaya əsasən (əvvəlki “Özəlləşdirmə Qanunu” Maddə 19 ), vətəndaşlarda qalan həmin özəlləşdirmə payları Dövlət İnvestisiya Fonduna qoyulmalı və oradan vətəndaşlara dividend verilməli idi. Lakin dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün (bildiyiniz kimi, heç çek İnvestisiya Fondları da yaradılmadı) vətəndaşların hüquqları pozuldu.

Diqqət edin: Bunu da DÖÇ-lərin tədavül müddətini fərmanla uzatmaq ilə ödəməyə çalışdılar ki, bu da öz növbəsində indiki hüquq pozuntularına səbəb oldu.

Bunlardan başqa, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkası Qanununun 18.4-cü maddəsinə görə, “Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır”.

Fərz edək ki, həmin dövrdə (1999-da) bu normaya əməl olunaraq bu payların dəyəri hesablanıb pul formasında banklara qoyuldu. Sual olunur: əgər belə olsaydı, həmin pulların aqibəti necə olacaqdı?

Yadınızdadırsa, “sberkassa”larda Sovetdən qalan pullara kompensasiya barədə bizim dövlətin qanunla heç dövlət öhdəliyi yox idi. Ancaq cənab İlham Əliyev alicənablıq edərək o pullara dövlətdən kompensasiya verilməsi barədə göstəriş verdi.

Bilirsiniz ki, DÖÇ-lərin üzərində bütün qiymətli kağızların üzərində olduğu kimi qanun gücünə malik olan müəyyən yazılar var və həmin yazıların-öhdəliklərin heç birinə əməl olunmayıb. Məhz DÖÇ-nin üzərində yazılır ki, “Bu Özəlləşdirmə Çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunmuşdur”.

DÖÇ-nin arxasında yazılır ki, “Dövlət Özəlləşdirmə Çeki – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”. Dolayısı ilə bu yazılar belə, həmin çekin vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənəd olduğunu göstərir.

Hətta qanunla özəlləşdiriləcək bütün orta və iri dövlət əmlakının 65%-i DÖÇ-lər ilə aparılmalı idi və qanunla investorlar özəlləşdirilmədə iştirak etmək üçün vətəndaşlarda olan DÖÇ-ləri alaraq iştirak edə bilərdi. Xarici investorlar isə ancaq opsion aldıqdan sonra DÖÇ-ləri ala bilərdilər.

Hamı bilir ki, özəlləşdirmə payları (çekləri) verilən zaman qüvvədə olan Konstitusiya, qanunlar, Mülki Məcəllə və ən əsası Özəlləşdirmə Qanunu, Dövlət Özəlləşdirmə Proqramı haqqında Qanun və DÖÇ-lər haqqında Əsasnaməyə əsasən DÖVLƏTİN götürdüyü öhdəliklər əsas sayılır.

Özəlləşdirmə payı barədə bilməyənlər 7 mart 1995-ci ildə Prezident Sarayında Heydər Əliyevin çıxışını oxusunlar:

Heydər Əliyevin YEKUN SÖZÜ – XALQA VƏDİ:

“… Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılığı tamamilə təbiidir və qəti bir fikir də demək çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaqdır, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Bunlar hamısı gələcək proseslərdə olacaqdır. Amma vətəndaşın payı olmalıdır. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcəkdir. Belə olan surətdə əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaqlar, bəs bu payı nə vaxt alacaqlar? Belə çıxır ki, biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?”.

Heydər Əliyevin o zaman çıxışında açıq qoyduğu sual 1995-ci il 27 noyabrda AR Konstitusiyasının 29-cu maddəsində öz həllini tapdı (yəni dövlət ancaq inflyasiyadan qorunan əmlak payının dəyəri ekvalentində kompensasiya verərək özəlləşdirmə çeklərini tədavüldən çıxardıqdan sonra özəlləşdirməni davam edə bilər).

Qanuna və Konstitusiyaya əsasən, DÖÇ-lər ya dövriyyəyə qaytarılmalıdır, ya da hər paya düşən inflyasiyadan qorunan əmlak ekvalentinin dəyəri hesablanıb kompensasiya ödənilməlidir. 13 ildir DÖÇ-lər verilən zaman qüvvədə olan qanunvericilik aktlarına uyğun olmayaraq – kompensasiya verilmədən aparılan özəlləşdirmə mütəşəkkil korrupsiya cinayətidir!

Əziz prezidentliyə namizədlər!

Konstitusiya Məhkəməsinin (KM) Palatası 19 dekabr 2023-cü ildə bu hüquqi poblemin araşdırılmasından İMTİNA qərardadı çıxarıb. Palatanın imtina qərarındakı anti-konstitusion və qanunazidd yozumdan belə məlum olur ki, əvvəlki qanunlarda olan dövlət öhdəliklərinin, vətəndaşlara qanunla verilmiş mülkiyyət və bərabərlik hüquqlarının 2000-ci il Özəlləşdirmə Qanununun bu gün də qüvvədə olan 33.1- ci bəndi (heç bir qanunla bu günə qədər qüvvədən düşməyib) hansısa səbəblərdən nəzərə alınmadan Konstitusiyaya, qanunlara, beynəlxalq hüquqa zidd olaraq 33.2 bənd ilə TAM ləğv olunduğunu göstərib. Bildiyiniz kimi, bu fakt özü Konstitusiya və qanunlara ziddir!

KM Palatasının özəlləşdirmə payları (çekləri) barədə vətəndaşların şikayətinə baxılmasından imtina barədə 19 Dekabr 2023-cü ildə çıxardığı qərardad ölkəmizdə demokratiyanın və hüquqi dövlətçiliyin, Konstitusiya və qanunların, insan hüquqlarının 2000-ci ilin may ayından başlayaraq, qanunvericilik aktları ilə pozulduğunu ölkə vətəndaşlarına və beynəlxalq aləmə göstərmək məqsədi daşıyır.

Aşağıdakı videoya diqqət edin:

Belə çıxır ki, KM-in Palatası öz qərəzli yozması ilə dövlətin vətəndaşlar qarşısında qanunla götürdüyü öhdəliklərin və verdiyi hüquqların Konstitusiya və qanunlara, beynəlxalq hüquqa zidd olaraq pozulmasını və Azərbaycanda 16 may 2000-ci ildən sonra dövlətçilik və demokratiyanın olmadığını sübut etməyə çalışıb. Bununla da sübut olunur ki, hazırkı KM-in hüquqşünasları hüquqi dövlət olmadığımızı beynəlxalq aləmə təqdim etmək və dövlətimizin, cənab Prezidentin imicina ləkə yaxmağa çalışırlar.

Eyni zamanda 19 dekabr 2023-cü il tarixində KM Palatasının imtina qərarında olan Konstitusiya və qanunlara zidd yozmadan belə məlum olur ki, yüzminlərlə özəlləşdirmə payı sahibləri ilə birlikdə, Qarabağ sakinlərinin ailələrinə qanunla dövlət və Heydər Əliyev tərəfindən vəd olunmuş pay torpaqları hüququ da əlindən alındı. Oliqarx məmurlar bəzi hüquqşünaslarla birləşərək, xalqa və dövlətçiliyimizə qarşı xəyanət edirlər.

“Facebook” sosial şəbəkəsində “Özəlləşdirmə çekləri” qrupunda birləşən 40 000 ailə haqqını tələb edir.

(Bu məlumata da diqqət edin)

Əziz prezidentliyə namizədlər!

Siz yüzminlərlə ailələrə mətbuatdan söz verdiniz və inanırıq ki, verilən vədinizə əməl edərək bu problemi debatlarda səsləndirəcəksiniz. Özəlləşdirmə çeklərini satmayıb ümidlə saxlayan 1 miyondan çox vətəndaş debatlarda bu hüquqi problemin qaldırılacağını gözləyir. Vətəndaşlar inanırlar ki, namizədlər dövlətimizə və dövlətçiliyimizə ziyan vuran bu problemin tezliklə həll olunmasını hökumətdən tələb edəcəklər.

İnanırıq ki, cənab Prezident sizin debatlarda dilə gətirəcəyiniz faktlardan sonra KM Palatasının bu qərardadının dövlətə və xalqa yönəldiyi barədə məlumata malik olacaq və problemin həlli ümün təcili tədbirlər görəcək.

(Ətraflı burada)