Xəbəraz

Riyakarlığın son həddi

Riyakarlığın son həddi

Riyakarlığın son həddi

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Nümayəndə heyətimiz dünən bununla bağlı bəyanatı səsləndirdikdən sonra məkanı tərk edib.
Azərbaycanın AŞPA-da səsinin dondurulması kimi riyakar təşəbbüsün irəli sürülməsindən sonra nümayəndə heyətimizin belə bir qərar verməsi ən düzgün və layiqli addımdır  və bəyanatda da bildirildiyi kimi, dünyada heç kim Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz.

Son vaxtlar Qərb təsisatlarının Azərbaycana qarşı riyakar siyasi, diplomatik hücumları xüsusilə intensivləşib. Bunu Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının başladığı ilk gündən heç bir hüquqi əsasa söykənməyən, sırf ölkəmizə olan qərəzindən doğan hikkə ilə Azərbaycanın səsini dondurmaq kimi çirkin təşəbbüsündən də görmək olar.

Eləcə də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin yanvarın 22-də Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları da aydın şəkildə ortaya qoyur ki, islamofob, türkofob siyasət yürüdən Fransa kimi ölkələr, eləcə də Aİ, Avropa Parlamenti, AŞPA və digər qurumlar Azərbaycanı hədəf alan kampaniyalar aparır, böhtan xarakterli bəyanatlar səsləndirir, qərəzli qətnamələr qəbul edir, sanksiyalarla hədələyirlər.

Qərəzli Qərb “siyasətçi”lərinin yuxularına haram qatan, gecə-gündüzlərini dar edən, qıcıqlandıran, qəzəbləndirən, hikkələndirən, özlərindən çıxaran mətləb və məqamlar, əlbəttə ki, çoxdur, amma onları, sözün əsl mənasında, yandırıb-yaxan Azərbaycanın torpaqlarını işğaldan qurtarması, suverenliyini tam təmin etməsidir. Fevralın 7-də Xankəndidə də seçki keçirərək “Qarabağ Azərbaycandır” həqiqətini bütün dünyaya bir daha bəyan edəcəyimiz isə qərəzli Qərb ölkə və təşkilatlarına əsl gözdağıdır.

“Demokratiya” adı altında həyasızcasına başqa xalqların, ölkələrin işlərinə burunlarını soxan, çıxarları naminə hər cür çirkin əməllər törədən Qərb dairələri Azərbaycanın Cənubi Qafqazın lideri olmasını heç cür həzm edə bilmirlər. Məhz Azərbaycanın siyasi iradəsi, qətiyyəti, hərbi gücü sayəsində bu regionda real sülh şəraitinin yetişməsi ilə barışa bilmirlər.

Axı riyakar Qərbin Cənubi Qafqazla bağlı başqa planları var idi və onlar bu bölgədə daim müharibə, münaqişə olmasında maraqlı idilər. Həm bunun sayəsində erməni lobbisinin pullarını rahat şəkildə yeyə bilirdilər, həm də siyasi iradəsi olmayan Ermənistandan istifadə edərək bölgəyə rahat yerləşmək imkanı tapırdılar.
İndi isə bütün bu imkanları əllərindən çıxan “insan hüquqlarının keşikçiləri” əsl simalarını, əslində simasızlıqlarını çılpaqlığı ilə göstərməyə başlayıblar.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-yə üzv olmuşdu

 Azərbaycan nümayəndə heyətinin bəyanatında da deyildiyi kimi, bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.

Amma 19 il ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı faktına qarşı heç bir tədbir görməyib. Halbuki Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə Avropa Şurasının bütün dəyər və prinsiplərini kobud şəkildə tapdalamışdı.

2020-ci ilə qədər Ermənistanı qınamayan, onu səsvermə hüququndan məhrum etmək barədə düşünməyən AŞPA bu gün torpaqlarını işğaldan azad edən, bölgədə sülh üçün münbit şərait yaradan Azərbaycana qarşı qərəzli davranış nümayiş etdirir. Halbuki Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyaraq  beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsini təmin edib. Beynəlxalq hüquqdan dəm vuran AŞPA-nın bütün bu reallıqların fonunda Azərbaycana iftiralar atması sadəcə riyakarlıqdan xəbər verir.

Azərbaycanın AŞPA-da səsinin dondurulması təklifini Fransanın diktəsi ilə  almaniyalı deputat Frank Şvabe irəli sürmüşdü. Bakının müstəmləkəçi Fransanın neokoloniolizm siyasətini dünyada ifşa etməsi, onu ard-arda siyasi, diplomatik cəbhələrdə məğlub etməsi Parisin beynəlxalq nüfuzunu yerlə bir edib. Elə buna görə də Fransa indi arxa plana çəkilərək mənfur əməllərini Almaniyanın əli ilə həyata keçirmək istəyirdi.

Beynəlxalq hüququ ayaqlar altına atan belə bir qurumun Azərbaycanın səsini dondurmaq niyyətinin insan hüquqları ilə heç bir əlaqəsi yox idi. Və bu öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdindən, özü də iflasa məhkum qisas cəhdindən başqa bir şey deyildi. Azərbaycan üçün isə nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmirdi və nümayəndə heyətimizin bu qurumla əməkdaşlığı və təşkilatda iştirakı qeyri-müəyyən müddətə dayandırması bunu təsdiq edir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

İkilistandartlı və qərəzli Qərb təsisatları ölkəmizə qarşı iftira və böhtanlar səsləndirir

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaların ölkəmiz üçün bir qara qəpiklik dəyəri yoxdur.  Faktları açıq şəkildə təhrif edərək Azərbaycanın legitim maraqlarına etinasızlıq nümayiş etdirən Aİ-nin ali nümayəndəsinin bu cür məsuliyyətsiz iddiaları Azərbaycan-Aİ münasibətlərinə ciddi zərbədir. Borel səsləndirdiyi iftira dolu həmin iddialarla Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır.

Halbuki Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. İki ölkə arasında normallaşmaya, bölgədə davamlı sülhə nail olunması üçün əməli addımlar atır. Yuxarıda da vurğulandığı kimi, Azərbaycanın işğala və separatizmə son qoyması sayəsində Ermənistanla sülh sazişinin bağlanmasına real şərait yaradılıb.

Aİ nümayəndəsinin azərbaycanlı diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi də onun Azərbaycana qarşı qərəzini, beynəlxalq hüququ heçə saymasını göstərir.

Göründüyü kimi, ikilistandartlı və qərəzli Qərb təsisatları ölkəmizə qarşı iftira və böhtanlar səsləndirir, təcavüzkar Ermənistanı silahlandıraraq revanşa qızışdırır, necə deyərlər, “xristian təəssübkeşliyi” edərək erməni dindaşlarına “dəstək” olmaq üçün çabalayırlar. Lakin onların bu çabaları hədər gedəcək və qurduqları bütün məkrli planları iflasa uğrayacaq, Şuşa, Xankəndi zəfərlərimizə görə almaq istədikləri qisasları gözlərində qalacaq.

Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan milli maraqlarına təhdid olan bütün qüvvələrə qarşı layiqli mübarizə aparacaq və onları qətiyyətlə yerlərinə otuzduracaq. Nümayəndə heyətimizin AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq qərarı da Azərbaycanın qətiyyətinin təcəssümü və ölkəmizə qarşı riyakar mövqe tutmuş bu quruma verilən layiqli cavabdır. Azərbaycanın səsini dondurmaq istəyən bir təşkilatda iştirak bizə heç lazım deyil. Bundan itirən AŞPA-nın özü olacaq. Çünki Azərbaycanın AŞPA-da iştirakını dayandırması bu qurumun onsuz da zəifləmiş təməllərini daha da laxladacaq, ona qarşı qlobal etimadsızlıq mühitini daha da gücləndirəcək.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

AŞPA heç zaman Azərbaycana qarşı dürüst davranmayıb

Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti ünvanı Avropa Şurası Parlament Assambleyası (AŞPA) oldu. Bu dəfə beynəlxalq qurumda təklif olunub ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılsın. Səbəblər də olduqca cılızdır, amma məsələyə daha geniş prizmadan baxanda məlum olur ki, Qərbin bu strukturu da Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq Qələbəni həzm edə bilmir. AŞPA nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışır. Ancaq bu səmərəsiz beynəlxalq təşkilatdakılar unutmamalıdırlar ki, Azərbaycana qarşı nümayiş etdirilən bütün bu ikili standart siyasət faydasızdır və Bakı milli maraqlarına, nüfuzuna kölgə sala biləcək istənilən addıma imkan verməyəcək”.

AŞPA-nın iclasında Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onun səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi göstərilir ki, 2023-cü ildə Azərbaycan tərəfi Laçın dəhlizinə getməyə və Qarabağdakı vəziyyəti izləməyə, eləcə də azərbaycanlı “siyasi məhbuslarla” görüşə icazə verməyib. Xatırladaq ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi ilə bağlı qərəzli təklifi dəstəklənib və qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Bu təşəbbüsü dəstəkləyən alman deputat və həmkarları məsələni insan haqları baxımından izah etməyə çalışsalar da, bunun insan haqları ilə heç bir əlaqəsi olmadığı aydındır. Əslində, 44 günlük Vətən müharibəsinin nəticələri Avropanın bəzi dövlətlərini ciddi narahat edir. Xüsusilə də Azərbaycanın separatizmə son qoyaraq ərazisinin bütövlüyünü bərpa etməsi “Köhnə dünya”dakıların geosiyasi ambisiyalarını suya salıb. Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞPA səviyyəsində apardığı müzakirələrdən, qəbul edilən qətnamələrin kağız üzərində qalmasından sonra müstəqil surətdə öz suverenliyini və ərazi bütövlüyünü təmin etməsi bir çox dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın marağına uyğun gəlməyib.

Bu qurum heç zaman Azərbaycana qarşı dürüst davranmayıb. Hələ ötən il oktyabrın 12-də bu qurum Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul etmişdi. Rəsmi Bakı o zaman həmin sənədi Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürü kimi qiymətləndirmişdi. Ona görə ki, sənədlərdə regionda mövcud olmuş münaqişənin kökündə dayanan problemlər diqqətdənkənar buraxılmışdı. AŞPA 19-20 sentyabr hadisəsindən sonra erməni mənşəli sakinlərin könüllü olaraq Ermənistana qayıtmalarına tam başqa don geyindirməyə çalışmışdı. Antiterror tədbirləri ona görə həyata keçirilmişdi ki, ölkəmizə qarşı hərbi təhdidlər davam edirdi və buna son qoyulmalı idi. Ancaq AŞPA Azərbaycanın suveren hüquqlarını qorumasına yox, separatizmi dəstəkləyən Ermənistana arxa olmağa çalışmışdı.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri