Xəbəraz

Tarixi ədalət çağırışı: “Vətəndaşın payını özünə qaytarın”

Tarixi ədalət çağırışı: “Vətəndaşın payını özünə qaytarın”

Qüdrət Həsənquliyev: “Yüzminlərlə vətəndaş tarixi ədalətin bərpasını gözləyir, onlara dəyən zərər qarşılanmalıdır”

İlyas İsmayılov: “Bu, vətəndaşların halal haqqıdır və bu hüququ heç bir halda məhdudlaşdırmaq olmaz”

Vüsal Əliyev: “Dövlət tərəfindən ədalətli qərarın verilməsi vacibdir”

Özəlləşdirmə çekləri ilə bağlı problem aktuallığını qoruyub saxlayır. Hazırda bir milyona yaxın vətəndaş çeklərlə bağlı tarixi ədalətin bərpasını gözləyir. Bu gün Azərbaycanda 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır.

Ötən il sentyabrın 12-də Prezident İlham Əliyev tərəfindən özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə (KM) 1483 saylı qeydiyyatla məktub daxil olub. Avqustun 18-də isə Prezident Administrasiyasından KM-ə 1518 saylı qeydiyyatla və eyni məzmunlu məktub daxil olub.

Ötən il KM-in məsələyə baxacağı və ədalətli qərar qəbul edəcəyi gözlənilsə də, KM Palatası işə baxmaqdan imtina qərarı çıxardı. Bu qərar haqı tapdanmış vətəndaşlarda həm məyusluq, həm də ciddi narazılıq yaradıb.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Özəlləşdirmə çekləri ilə bağlı hüquqları əllərindən alınmış vətəndaşlar prezidentliyə namizədlərə müraciət ünvanlayıblar. Müraciət müəllifləri namizədlərdən təşviqatlarını aparan zaman teledebatlarda sözügedən problemin qaldırılmasını xahiş edirlər:

“Hörmətli Azərbaycan Respublikası prezidentliyinə namizədlər! Öncə nəzərinizə çatdırmaq istərdik ki, Dövlətin xalq qarşısında Qanunla üzərinə götürdüyü öhdəlik pozulub. Bu mənada yüzminlərlə ailələr adından sizlərə sualımız var: seçki debatlarında vətəndaşların mülkiyyət hüquqlarının əlindən alıması barədə danışacaqsınızmı?”.

(Tam MƏTN)

Vətəndaşların müraciətinə AYNA vasitəsilə münasibət bildirən prezidentliyə qeydiyyata alınmış namizəd, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc, Prezidentliyə qeydiyyata alınmış namizəd, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, Prezidentliyə namizədliyi qeydə alınmış namizəd, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Prezidentliyə namizədliyi qeydə alınmış namizəd, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Prezidentliyə namizədliyi qeydə alınmış müstəqil siyasətçi Fuad Əliyev bildiriblər ki, problemi teledebatlarda qaldıracaq, həllin nail olmağa çalışacaqlar. Prezidentliyə namizədlər hesab edirlər ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ bu və ya digər formada öz həllini tapmalıdır.

(Tam MƏTN)

Bu dəfə prezidentliyə daha bir namizəd, Bötüv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat, hüquqşünas Qüdrət Həsənquliyev AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çekləri ilə bağlı problemin həlli üçün dəfələrlə məsələ qaldırılıb: “Milli Məclisdə deputat həmkarlarım da, mən də özəlləşdirmə məsələsinə toxunmuşuq. Hesab edirəm ki, özəlləşdirmədə vaxtilə vətəndaşlara verilmiş qiymətli kağızlardan da istifadə edilməlidir. Yaxud da bu çeklərlə bağlı dövlət qərarını verməlidir”.

“Vətəndaşlardan əllərində qalan çeklərlə bağlı müraciətlər daxil olub. Buna əsasən, deyə bilərəm ki, bu gün yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əllərində tarixi ədalətin bərpasını gözləyir. Bu çeklər onlara qarşılıqsız və müddətsiz verilib. Sonradan tədavül müddətinin dayandırılması qərarı doğru deyildi. Bütün hallarda məsələyə yenidən baxılmalıdır. Hansısa formada vətəndaşlara dəyən zərər qarşılanmalıdır”, – deyə həmsöhbətimiz vurğulayıb.

Həsənquliyev onun seçki platformasında iqtisadiyyatın inkişafı ilə bağlı proqram olduğunu qeyd edib: “Həmin proqramda orada özəlləşdirilmə prosesinin aparılması məsələsinə ayrıca toxunulub. O proqramda özəlləşdirmədə qiymətli kağızlardan istifadə də göstərilir. Seçicilərlə görüşlərimdə məsələni gündəmə gətirirəm, eyni zamanda, hökumətə bu barədə Milli Məclisdə çağırışlarım olub. Yenə deyirəm, problem vətəndaşın hüquqlarının qorunması yolu ilə öz həllini tapmalıdır”.

Ədalət Partiyasının sədri, Azərbaycanın sabiq baş prokuroru və Milli Məclisin keçmiş üzvü, hüquqşünas İlyas İsmayılov da mövzuya dair AYNA-ya danışarkən söyləyib ki, vətəndaşın hüququnun, haqqının qorunması təmin edilməlidir: “Özəlləşdirmə çeklərinin üzərində tadavül müddətinin bitməsi tarixi göstərilməyibsə, bu qiymətli kağızları tədavüldən çıxarmaq qərarı səhv idi. Hesab edirəm ki, bu sahədə yaranmış problem ədalətli şəkildə həllini tapmalıdır”.

“Özəlləşdirmə prosesi vətəndaşların iştirakı olmadan başa çata bilməz. Dövlətin bu qiymətli kağızına dəyərsiz kağız parçası kimi baxılmamalıdır. Hökumət ədalətli qərarını verməlidir”, – deyə müsahibimiz diqqətə çatdırıb.

İsmayılov əmindir ki, bütün hallarda lazımi mexanizm tapılmalı, prosesə yekun vurulmalıdır: “Bu çeklər vətəndaşların halal haqqıdır və onların öz haqlarından istifadə etmək hüquqları var. Bu hüququ isə heç bir halda məhdudlaşdırmaq olmaz. Müvafiq mexanizmlər tapılmalı, sistemli şəkildə problem yoluna qoyulmalıdır”.

“Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Vüsal Əliyev problemi AYNA-ya şərh edərək bildirib ki, zamanında özəlləşdirmə çekləri 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib: “Bu çeklər qanunla verilib və dövlət qiymətli kağızları olmaqla yanaşı, mülkiyyət hüququna malikdir. Bu gün özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı müxtəlif yanaşmalar var. Əlində çeki qalan şəxslər prosesin aktiv fazaya keçməsini istəyirlər. Ümumiyyətlə, mülkiyyət hüququnu özündə qoruyan özəlləşdirmə vauçerləri heç vaxt qüvvədən düşə bilməz”.

“Dövlət tərəfindən ədalətli qərarın verilməsi vacibdir. Düşünürəm ki, yüzminlərlə vətəndaşın haqqının pərpası istiqamətində əməli addım atılmalı, vətəndaşın xeyirinə həll yolu tapılmalıdır. Məsələn, hansısa dövlət komissiyası yaradılmalıdır, yaxud aidiyyəti dövlət qurumuna problemin yoluna qoyulması üçün göstəriş verilməlidir”, – deyə hüquqşünas fikrini tamamlayıb.

QEYD

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.