Xəbəraz

Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır

Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır

Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.

Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Ulu Öndər Heydər Əliyev idi.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.

Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi.

Hər bir xalqın tarixində onun uğurlu gələcəyini quran şəxsiyyətlər var. Azərbaycan xalqı Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndərimiz Heydər Əliyevə borcludur.

Gənclərimizin Vətənə sadaqət ruhunda tərbiyə olunması Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri idi. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı fəaliyyətinin əsası olub. Hələ hakimiyyətinin birinci mərhələsində Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil alması prioritet məsələ kimi öndə dayandı. Hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına həbi liseyin yaradılması da bu tərkibdəndir. Ümumilikdə hər bir ölkənin gələcək inkişafında təhsilin rolu böyük olmuşdur.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi də davam və inkişaf etdirilməyə başlandı. Atılan uğurlu addımları nəticəsi olaraq artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara Prezident təqaüdünün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Ümummilli Lider Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Gənclərimiz hansı potensiala malik olduqlarını 44 günlük İkinci Qarabağ müharibəsində bir daha nümayiş etdirdilər. Bu gün böyük qürur hissi ilə gənclərimizin Vətənə, torpağa bağlılığından, sevgisindən bəhs edirik. Tarixi Zəfərimizin qəhrəmanlarının həyat yolu vətənpərvərlik məktəbi kimi öyrənilir.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

2 Fevral – Azərbaycan Gəncləri Günü

Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvə kimi ön planda olmasından çox asılıdır.
2 fevral Gənclər günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil  Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Uzaqgörən dövlət başçısı gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi, fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü.
Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-sinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edildi.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın  böyük rolu vardır.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Gənclər ili”

Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, daha dəqiq desək, 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Belə ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında dahi liderin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə- 1999, 2003, 2005, 2008 və 2011-ci illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli, mühüm rola malik oldu.

Daha sonra bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoydu.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. Bir məqamı da unutmayaq ki, xaricdə təhsil eyni zamanda Azərbaycanın təbliğatçısı olmaq deməkdir. Gənclərimiz həm təhsillərini davam etdirir, həm də ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirak edirlər. Azərbaycan xalqı hər zaman öz gəncləri ilə fəxr edir.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır

Azərbaycanda səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır və Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir: Cənab Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olmuşdur. Bu tarixi missiyanı həyata keçirən qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstəriblər: Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa edib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, müjdəni Azərbaycan xalqına bəxş ediblər. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri