Xəbəraz

Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi

Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi

Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi.

Azərbaycanın  xarici siyasəti  hər zaman  sülhsevər siyasətdir. Məlum olduğu kimi, illər öncə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Qarabağ münaqişəsini dövlətimiz hər zaman sülh yolu ilə  həll etməyə  çalışmışdır.  Ötən üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılıb. Azərbaycan danışıqlar prosesində daim yüksək fəallıq göstərib və konstruktiv mövqedən çıxış edib. Azərbaycan Respublikasının torpaq itkisinə məruz qalmasına baxmayaraq, otuz ilə yaxın bir dövrdə danışıqlar prosesində iştirak etməsi ölkəmizin sülhə necə böyük önəm verməsini təsdiqləyir.

İllərlə Qarabağ münaqişəsinin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun fəaliyyətindəki qeyri-ardıcıllıq diqqət çəkməyə bilməzdi. ATƏT-in Minsk qrupunun həmsədrlərindən fərqli olaraq, Azərbaycan ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmadı. Azərbaycanın müzəffər Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi birləşmələrinə sarsıdıcı zərbələr vuraraq düşməni diz çökdürdü. Azərbaycan Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradaraq kapitulyasiya aktına imza atmağa məcbur etdi Döyüş meydanında acizliyini görən düşmən onun üçün kapitulyasiya hesab olunan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Qarabağın 30 illik işğalına son qoydu. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm nailiyyət möhtərəm Prezidentimiz  İlham Əliyevin uzaqgörən liderliyi sayəsində mümkün olmuşdur.

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi.

Cənab İlham Əliyev 30 illik işğal dövründə, həmçinin postmünaqişə mərhələsində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı iradlarını bildirmişdi. Qurum heç nə olmamış kimi seyrçi mövqeyində, missiyasını nəticəsiz səfərlərlə bitmiş hesab etməklə Azərbaycan dövlətinin, xalqının haqlı narazılığına səbəb olmuşdur. Diqqətçəkən məqam isə Vətən müharibəsində tarixi Qələbəmizdən sonra Minsk qrupu həmsədrlərinin dövlətimizin başçısı cənab İlham Əliyevlə görüşmək istəyi, ölkə Prezidentinin həmin qəbulda 28 ilə yaxın dövrdə qurumun fəaliyyətsizliyini əsaslı şəkildə diqqətə çatdırması, həmsədrlərin postmüharibə dövrü ilə bağlı nəzərdə tutulan prioritetlərin icrasında fəal olacaqları ilə bağlı fikirlər səsləndirmələri və sair kimi məqamlar bir daha bu reallığa işıq salır ki, beynəlxalq hüquq normaları zamana və məkana görə tətbiq edildiyi kimi, beynəlxalq münasibətlərdə əsas amil olan güc öz aktuallığını qoruyub özünü qabarıq şəkildə büruzə verəndə maraqlar da dəyişir. Azərbaycanın döyüş meydanında Qələbəsi, 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun edə bilmədiyini Azərbaycan Ordusunun etməsi dünyanın bu günədək nümayiş etdirdiyi, amma özünün “duymadığı” ikili siyasətin yaratdığı problemləri dərk etmək məcburiyyətində qoydu. Real olan budur ki, münaqişənin həlli prosesinin uzanmasında Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədrləri əsas günahkarlardır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur.

Bu gün ölkəmizi işğalçılıqla, “etnik təmizləmə” ilə, humanitar fəlakətlə şərləmək istəyən qüvvələr bilməlidir ki, Azərbaycan digər imperialist düşüncəli dövlətlər kimi başqa ölkələrin torpaqlarında deyil, yalnız öz suveren əraziləri daxilində öz təhlükəsizliyinin təmin edilməsi üçün mübarizə aparmışdır. Təəssüf ki, bu münasibət ikili yanaşmadan başqa bir şey deyildir. Bütün bu kimi böhtanlara, təhdidlərə rəğmən, ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz haqlı mövqeyindən əsla dönməyəcəkdir. Əksinə, sülh və əminamanlıq dolu işıqlı gələcəyə qanad açaraq, mətin addımlarla daha da inkişaf edəcək, güclənəcək və müstəqilliyini möhkəmləndirəcəkdir.

Bütün bunların əməli nəticəsidir ki, bu gün ölkəmiz işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərini həyata keçirir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazımi tədbirlər görür. Ən vacib məqam isə ondan ibarətdir ki, ölkəmiz bərpa-quruculuq işlərini heç bir kənar maliyyə yardımı olmadan, yalnız öz vəsaiti, daxili imkanları hesabına həyata keçirir.

Azərbaycanın tarixi zəfərindən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki, mənfur düşmən 30 il Azərbaycanın qədim torpaqlarını işğal altında saxladı, soydaşlarımıza qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı, məscidlərimizdə donuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin Ermənistan silahlı qüvvələri mütəmadi şəkildə sərhəddə təxribat törədərək itkilərə səbəb oldular.

Azərbaycan Ermənistanla sülh danışıqlarının intensivləşdirilməsində və sülh müqaviləsinin bağlanmasında maraqlı tərəfdir. Sülh sazişinin imzalanması ilə bağlı beş bəndli ilkin təklif də məhz Azərbaycan tərəfindən Ermənistana təqdim olunub.
Lakin bəzi ölkələr Cənubi Qafqazda sülhün əldə edilməsinə praktiki olaraq mane olmağa çalışırlar. Xüsusilə Fransa öz fəaliyyəti ilə revanşizmə təkan verir, Ermənistanı hərbi texnika və silahla təmin etməklə sülhün əldə olunmasına əngəl törətməyə cəhd edir. Lakin regionun əsas söz sahibi Azərbaycandır və belə olan halda, Cənubi Qafqazdakı mövcud düzəni dəyişmək praktiki olaraq mümkün deyil.
Qafqazda dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqları daha da intensivləşdirmək və sülh müqaviləsini razılaşdırmaq və imzalamaq vacib şərtdir. Sülh sazişinin imzalanması təkcə Azərbaycanla Ermənistan üçün yox, bütövlükdə Qafqazın inkişafı üçün vacibdir. Azərbaycan bunun üçün əlindən gələni edir, regionda stabilliyin formalaşmasına çalışır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

 

Rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır.

Azərbaycan Respublikası 2020-ci ildə 44 günlük Vətən müharibəsində Zəfər əldə edərək 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarını azad etdi. Həm də ölkəmiz atdığı bu addımla BMT məlum 4 qətnaməsinin icrasını təmin etmiş oldu. Ancaq buna baxmayaraq bəzi xarici qüvvələr münaqişənin həll olunması reallığı ilə barışmaq istəmirlər.  Avropa Şurası Parlament Assambleyasının son qərarı bir daha sübut edir ki, qurum Azərbaycanın tarixi Zəfərini, Prezident cənab İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. AŞPA-nın Azərbaycana qarşı qərəzli davranışı beynəlxalq riyakarlığın növbəti təzahürüdür. Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmir.

Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət yürüdülür. Postmünaqişə dövrünün reallıqları sırasında yer alan Ermənistanın mina terroru və bunun nəticəsində yüzlərlə insanın həlak olması və yaralanması  Avropa Şurasını hələ də narahat etmir. Ötən il AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız ermənilərə dəstəklə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib.

Belə riyakar siyasət yürüdən dövlətlərdən biri və bəlkə də birincisi Fransadır. Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynamaqda davam edir. Afrikada insanlıq əleyhinə dəhşətli cinayətlər törətmiş bu dövlət indi utanmadan insan haqlarından və ədalətdən danışmağa cəhd edir. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Sözsüz ki, Fransanın Cənubi Qafqazla bağlı məkrli planları artıq heç kəsə sirr deyil. Başda Fransa dövləti olmaqla mənafeyini güdən ölkələrin Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə müdaxiləsi yolverilməzdir. Avropa Şurasının ədalətə sığmayan, ikili standartlara əsaslanan siyasətini bir daha təsdiqləyən məlum qərarı Fransanın Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etmək cəhdini ortaya qoydu. Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına, Frank Şvabeninin timsalında isə Almaniyanı muzdluya çevirib. Təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün də durduğu faktdır. AŞPA-nın sabiq və hazırkı prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Reallıq budur ki,  bu gün AŞPA Almaniya və Fransanın əlində oyuncağa çevrilib. Fransa bu təşkilatdan bir siyasi alət kimi istifadə edərək Azərbaycana qarşı əks təbliğat  kampaniyası həyata keçirir. AŞPA-nın bu addımı Fransanın  tarixi Zəfərimizdən sonra Azərbaycana qarşı açıq müstəviyə keçən qərəzli  kampaniyasının davamıdır.

Regionda dəyişən reallıqları qəbul etməyən bu qurumlar bu cür ucuz gedişlər etməklə heç nəyə nail olmayacaqlar. Ümumiyyətlə, Cənubi Qafqazla bağlı proseslərə müdaxilə etməyə çalışan bütün qüvvələr anlamalıdırlar ki, 30 illik işğal dövrü geridə qalıb. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Zəfərlər regionda yeni geosiyasi reallıqlar yaranıb. Bu gün Azərbaycan hüquqi olaraq qalib və diktə edən tərəfdir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla  Azərbaycan xalqının səbr kasasını daşırdı. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.  30 ilə yaxın davam edən, Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymaraq təxribatlarını, əsassız iddialarını, sərsəm bəyanatlarını davam etdirməklə himayədarlarından aldığı maddi və mənəvi dəstəyə arxalanaraq işğalçılıq siyasətlərini davam etdirmək niyyətlərindən əl çəkmək istəmədilər. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün bütün vasitələrdən istifadə etdi və bu illər ərzində dünyadan bu münaqişənin həllinə ədalətli yanaşma gözlədi. Təəssüflər olsun ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmədi, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadı. Azərbaycan isə 30 ilə yaxın bu qətnamələrin icrasını gözlədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırım”, “blokada” və “humanitar böhran”ın aparılması barədə yalan və əsassız iddialarla çıxış etməklə, humanitar yardım prosesini beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı. Eyni zamanda, bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejiminin qorunub saxlanılması üçün maliyyələşdirmə prosesi də məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilirdi. Belə ki, bu məqsədlə hər il yüz milyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi.

Azərbaycan hər zaman regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. İstər Vətən müharibəsindən əvvəl, istərsə də müharibədən sonra ölkəmiz bütün diplomatik fəaliyyətini bölgədə sabitliyin bərqərar olunmasına yönəltmişdir. Lakin rəsmi İrəvanın təxribatçı mövqeyi hər zaman sülhün və sabitliyin bərqərar olunmasına maneçilik törətmişdir.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Maisə Xəlilova

 

 

Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir.

Son illər Azərbaycanın dünya birliyindəki nüfuzu xeyli artıb. Xüsusilə, Vətən müharibəsindən və ötən ilin sentyabrında bir günlük antiterror tədbirlərindən sonra ölkəmizə qarşı əsassız təzyiqlərin sayı daha da artıb. Azərbaycanın inkişafını və tarixi Qələbəsini, habelə ərazi bütövlüyün və suverenliyini bərpa etməsini həzm edə bilməyən Qərbin və Avropanın bir sıra ermənipərəst dairələri, həmçinin qərəzli, ələbaxım beynəlxalq təşkilatları ölkəmizə qarşı saxta, qeyri-obyektiv qətnamələr qəbul edir, bununla da ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər. Təbii ki, bütün bunlar Azərbaycanı öz mövqeyindən döndərə bilməz. Bəzi beynəlxalq təşkilatların siyası riyakarlığı onların iç üzünü açır və ikili standart mərəzindən xilas ola biməmələrini bir daha təsdiqləyir.

Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə və ölkəmizin ikili standartlarla üzləşməsinə diqqət çəkdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Ölkə başçısı bəyan etdi ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Əslində ölkəmiz əməkdaşlıq və münasibətlərin inkişafında maraqlıdır. Bunu Qoşulmama Hərəkatının timsalında görmək mümkündür. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzu artıb. Yeni əməkdaşlıq sahələri yaradılıb və bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslər də irəli sürülmüşdür.

Ancaq ölkəmizin uğurlarını qəbul etmək istəməyən ölkələr davamlı olaraq anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurlar. Bu ölkələrdən biri məhz Fransadır. Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident cənab İlham Əliyev bu haqda fikir bildirərkən qeyd etdi ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. İki ölkə arasında sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova